Kaxa Kaladze Qaribaşvilinin həbsxanadan göndərdiyi məktubları şərh edib
“Komandanın keçmiş liderlərindən birinin heç bir əsaslandırma təqdim etmədən bu məzmunda açıqlamalar verməsi təəssüf doğurur. Eyni zamanda, onun düşdüyü vəziyyəti görmək də üzücüdür”.
Dalğatv xəbər verir ki, bu fikirləri “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin həbsxanadan göndərdiyi məktubları şərh edərkən bildirib.
Kaladze qeyd edib ki, Qaribaşvili uzun illər ərzində komandanın aparıcı simalarından biri olub:
“2012-ci ildən bəri birlikdə yol keçmişik. Əlbəttə, onun hazırda düşdüyü vəziyyəti görmək təəssüf doğurur. Bu müddət ərzində bir çox çətinliklərlə üzləşmiş, müxtəlif çağırışların öhdəsindən birlikdə gəlmişik. O, komandamızın liderlərindən biri olub”.
Baş nazir İrakli Kobaxidzenin istefası ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Kaladze məsələnin ətrafında polemika və spekulyasiyalara qoşulmaq niyyətində olmadığını deyib.
“İrakli Kobaxidze ləyaqətli baş nazirdir. O, dürüstlüyü, peşəkarlığı və əzmkarlığı ilə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Ona fəaliyyətində uğurlar arzulayıram. Mənim tərəfimdən əlavə dəstəyə və ya köməyə ehtiyac yaranarsa, ona dəstək göstərməyə hazıram. O, son dərəcə dürüst və ləyaqətli insandır”, – deyə Kaxa Kaladze bildirib.
