Tbilisidə Novruz bayramı qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində, Heydər Əliyev adına Parkın yaxınlığında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bayram tədbiri Tbilisi meriyası, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Tbilisinin vitse-meri İlya Eloşvili, Gürcüstan parlamentinin deputatı Beka Odişaria, Azərbaycan və İranın Gürcüstandakı səfirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

İ.Eloşvili tədbir iştirakçılarını bahar bayramı münasibətilə təbrik edib. O, bildirib ki, Novruz bayramının Tbilisidə qeyd olunması xoş ənənəyə çevrilib: “Tbilisidə tarixən müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanlar qarşılıqlı hörmət və dinc şəraitdə yaşayıblar. Ənənə bu gün də gələcək nəsillərə çatdırılması üçün qorunub saxlanılır. Novruz bayramı münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbrik edir, firavanlıq və xoşbəxtlik arzulayıram”.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov tədbirin təşkilində göstərdiyi dəstəyə görə Tbilisi meriyasına təşəkkürünü bildirib. O, deyib ki, Novruz təbiətin oyanışını simvolizə etməklə yanaşı, həm də birlik bayramıdır. Diplomat tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, onlara bol ruzi-bərəkət, sevinc dolu günlər və firavanlıq azru edib.

Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov Novruz bayramının hər il yalnız azərbaycanlıların yığcam yaşadığı rayonlarda deyil, paytaxt Tbilisidə də təntənə ilə qeyd olunduğunu bildirib: “Novruz bayramı Tbilisidə ildən-ilə daha geniş formada qeyd edilir. Şənliyin keçirilməsində məqsəd Novruz adət-ənənələrinin həm Tbilisi sakinləri, həm də şəhər qonaqlarına tanıtmaqla yanaşı, Azərbaycanın milli mədəniyyətinin də təbliğ olunmasıdır”.

Tədbir çərçivəsində Gürcüstanda qida məhsulları sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin stendləri qurulub. Müxtəlif guşələrdə qonaqlara Azərbaycan çayı və müxtəlif şirniyyatlar təqdim olunub.

Şənlik “Ceyran” ansamblının ifasında “Yallı”, “Qarabağ” və Azərbaycanın digər milli rəqsləri və müğənnilərin ifaları ilə davam etdirilib. Konsert proqramında İrandan olan mahnı ansamblı da iştirak edib.

Bayram şənliyində Gürcüstanın Saraclı kəndindən olan el pəhləvanı Sahib Bayramov bacarığını nümayiş etdirib.

Novruz şənliyinə Tbilisi sakinləri ilə yanaşı, əcnəbi turistlər, ziyalılar və gənclər də qatılıblar. Bayram konserti şənlik iştirakçılarında yüksək əhval-ruhiyyə və xoş ovqat yaradıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey