Avropa Parlamentinin komitəsində Gürcüstanla bağlı hesabat təqdim olunacaq

Fevralın 25-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında Gürcüstan üzrə hesabatın təqdimatı planlaşdırılır.
Dalğatv xəbər verir ki, bu barədə məlumat komitənin gündəliyində yer alıb. Hesabatı Avropa Parlamentinin Gürcüstan üzrə daimi məruzəçisi Rasa Yukneviçiene təqdim edəcək.

Sənəd layihəsində Gürcüstanda demokratik geriləmənin daha da gücləndiyi qeyd olunur. Bildirilir ki, hakim “Gürcü Arzusu” partiyası Avropa İttifaqına, rəsmi şəxslərə və diplomatlara qarşı manipulyativ narrativlər, dezinformasiya və sui-qəsd nəzəriyyələrini əhatə edən sistemli kampaniyanı davam etdirir.

Hesabat layihəsinə əsasən, ölkədə vətəndaş cəmiyyəti institutlarının və müstəqil medianın fəaliyyəti repressiv qanunvericilik, xüsusilə “Qrantlar haqqında” qanuna edilən son dəyişikliklər vasitəsilə məhdudlaşdırılır.

Sənəddə həmçinin qeyd olunur ki, siyasi opponetlər həbs edilib və ya fiziki hücum və hədələrə məruz qalır. Yüzlərlə vətəndaş cəmiyyəti fəalının zorakılıq və intimidasiya halları ilə üzləşdiyi, onlarla fəalın isə siyasi motivli ittihamlarla saxlanıldığı bildirilir.

Hesabatda Avropa İttifaqı və üzv dövlətlərin “Gürcü Arzusu” rəhbərliyi və əsas vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməsi təşəbbüsü dəstəklənir. Bununla yanaşı, ATƏT-in Moskva mexanizminin aktivləşdirilməsi alqışlanır, həmçinin Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılması ilə bağlı qərar müsbət qiymətləndirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey