Polşada Gürcüstan vətəndaşlarına qarşı xüsusi əməliyyat keçirilib
Polşada keçirilən xüsusi polis əməliyyatı zamanı 4 Gürcüstan vətəndaşı saxlanılıb
Dalğatv xəbər verir ki, Polşa ərazisində keçirilən xüsusi polis əməliyyatı nəticəsində 4 nəfər Gürcüstan vətəndaşı saxlanılıb. Bu barədə məlumat Polşa mediasına istinadən yayılıb.
Məlumata görə, Varşava polisinin əməkdaşları antiterror xidməti ilə birgə əməliyyat keçirərək şübhəli şəxsləri Velyun yaşayış məntəqəsində yaxalayıblar. Əməliyyata, həmçinin Polşa sərhəd mühafizə xidmətinin əməkdaşları da cəlb olunub.
Bildirilir ki, sözügedən əməliyyat Litva məhkəmə orqanları tərəfindən başladılmış genişmiqyaslı istintaq tədbirləri çərçivəsində həyata keçirilib. İstintaq çərçivəsində Litvada axtarışda olan Gürcüstan vətəndaşlarından biri barəsində rəsmi saxlanılma orderi verilib.
Hazırda sərhəd mühafizə orqanları saxlanılan şəxslərin Polşa ərazisində qalmasının qanuniliyini araşdırır. İlkin məlumata əsasən, onların ölkədən deportasiya edilib-edilməməsi ilə bağlı qərarın yaxın günlərdə qəbul olunacağı gözlənilir.
