Almaniyaya əfqan miqrantların qəbulu hökumət dəyişikliyinə qədər dayandırılıb

Almaniya hökuməti əvvəlcədən qəbul zəmanəti verilmiş Əfqanıstan vətəndaşlarının ölkəyə gətirilməsini müvəqqəti olaraq dayandırıb. Qərara əsasən, Almaniyaya qəbul ediləcəyi bildirilmiş 2600 nəfərin taleyi yeni hökumətin formalaşmasından sonra müəyyən olunacaq.

Gətirilməsi nəzərdə tutulan şəxslər sırasında Taliban tərəfindən təhdid edilən insan hüquqları fəalları və mədəniyyət işçiləri də yer alır. Hazırda bu şəxslər Pakistanda gözləmə vəziyyətindədirlər.

Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyası (SPD) arasında razılaşdırılmış koalisiya müqaviləsində könüllü qəbul proqramlarının mümkün qədər dayandırılması və yeni proqramların başlanmaması nəzərdə tutulur. Bununla belə, SPD tərəfindən Taliban rejiminin tənqidçiləri və jurnalistlər kimi təhdid altında olan şəxslərə verilmiş qəbul zəmanətlərinin yerinə yetirilməsinin vacibliyi vurğulanır.

Yeni formalaşacaq hökumətin Daxili İşlər Nazirliyi bu zəmanətləri yenidən qiymətləndirərək, onların qüvvədə saxlanılıb-saxlanılmayacağına dair qərar verəcək.

Qeyd edək ki, Almaniyada Bundestaq üzrə Kansler seçkisi mayın 6-da keçiriləcək. Bu tarixə qədər koalisiya müqaviləsi iştirakçı partiyalar tərəfindən təsdiq edilməlidir. CSU partiyası artıq aprelin 10-da sənədi təsdiqləyib. CDU partiyası bu məsələni aprelin 28-də keçiriləcək partiya qurultayında, SPD isə aprelin 29-dək səsverməyə çıxaracaq.

Hazırkı dövrədək Almaniya müxtəlif qəbul proqramları vasitəsilə 36 min 300 nəfər Əfqanıstan vətəndaşını ölkəyə gətirib. Əfqanıstan üzrə qəbul proqramı çərçivəsində həyata keçirilmiş tədbirlərə 150 milyon avrodan artıq vəsait sərf olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey