Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək
Bu gün Belarus Respublikasının yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi baş tutacaq. Tədbir Müstəqillik Sarayının ən böyük salonu olan Təntənəli mərasimlər zalında keçiriləcək və ora 1100-dən çox qonaq dəvət olunub.
Dövlət başçısı vəzifəsinin icrasına başlamazdan əvvəl aşağıdakı məzmunda and içəcək: “Belarus Respublikasının Prezidenti kimi xalqıma sədaqətlə xidmət edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşacağıma və onları qoruyacağıma, Konstitusiyaya əməl edəcəyimə və onu müdafiə edəcəyimə, üzərimə düşən öhdəlikləri vicdanla yerinə yetirəcəyimə təntənəli şəkildə and içirəm.”
Rəsmi mərasim başa çatdıqdan sonra Müstəqillik Sarayı yaxınlığındakı Dövlət Bayrağı Meydanında hərbi qulluqçuların xalq və dövlət başçısı qarşısında and içməsi nəzərdə tutulur.