Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün639
DünənDünən3048
Bu həftəBu həftə6740
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8463339

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Neft ucuzlaşdı

Hərracların yekunları.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,73 dollar və ya 1,56% azalaraq 46,81 dollar olub.

Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrın 27-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və ya 1,81% ucuzlaşaraq 43,20 dollar təşkil edib.

İpoteka Fondu yenidən təşkil edilir - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Son illər bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilmiş, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilmişdir.

Bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.

Dövlət başçısı sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədi ilə qərara alıb:

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.

2. Cəmiyyət Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

3. Müəyyən edilsin ki,
3.1. Cəmiyyət Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir;
3.2. Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır;
3.3. Cəmiyyətin idarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
3.4. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
3.5. Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir;
3.6. 2005-2015-ci illər ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər Cəmiyyətin nizamnamə kapitalına aid edilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tələbin yönəldilməsi mexanizminin, o cümlədən hərracların keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.5. Cəmiyyətin Nizamnaməsini və müşahidə şurasının tərkibini bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
4.6. Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
4.7. bu Fərmanın 3.5-ci bəndində nəzərdə tutulmuş orta bazar qiymətinin müəyyən edilməsi qaydasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
4.8. Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.10. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.11. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankı:
5.1. Cəmiyyətin yaradılması ilə əlaqədar müvafiq təhvil-təslim işlərini bir ay müddətində həyata keçirsin;

5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə uzunmüddətli ipoteka istiqrazları bazarının inkişafı və likvidliyinin təmin olunması üçün müvafiq tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət zəmanətli ipoteka istiqrazlarının emissiyası üçün tələb olunan maliyyə təminatının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1105-IVQ nömrəli Qanununda təsbit edilmiş daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınmasını, növbəti illərin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı müvafiq vəsaitin proqnozlaşdırılmasını təmin etsin.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Gömrükdən rüsumsuz nə gətirmək olar? - 2 kostyum, yoxsa mebel dəsti

Gömrük yoxlamalarının sadələşdirilməsi barədə prezident fərmanından sonra Azərbaycan vətəndaşlarının xaricdən ölkəyə ödənişsiz gətirə biləcəyi malların həcmi 7 dəfə artıb.

Xatırladaq ki, prezident İlham Əliyevin "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" fərmanına görə, fiziki şəxslər xaricdən şəxsi ehtiyacları üçün 10 min dollarlıq, onu müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə isə əlavə 2000 dollarlıq malı ölkəyə ödənişsiz gətirə bilər. Xatırladaq ki, indiyədək ölkə vətəndaşları xaricdən 1500 dollarlıq malı ödənişsiz gətirə bilərdilər. Başqa sözlə, gömrük rüsumlarından azad olan malların həcmi təqribən 7 dəfə artıb.

Malların siyahısı genişlənib

Yeni qaydalar xaricdən ölkəyə ən müxtəlif malların ödənişsiz gətirilməsinə şərait yaradır. Bu qərardan sonra indiyədək vergisiz gətirilməsi mümkün olmayan mallar da ödənişsiz ölkəyə gətirilə biləcək. Məsələn, mebel dəstləri, kompüterlər və digər elektron cihazlar, fotoaparatlar, kameralar, xəz geyimləri, məişət texnikası və sair və ilaxır. Bu əşyaların qiyməti adətən 1500 ABŞ dollarından yüksək olduğuna görə, indiyədək onları ölkəyə gətirmək üçün rüsum ödəmək lazım gəlirdi, bəzi hallarda isə vətəndaşlar bu rüsumları da nəzərə alaraq, malın baha qiymətə başa gəldiyini hesablayır və onları xaricdən gətirmək fikrindən daşınırdı. İndi isə qiyməti 10 min manata qədər olan bütün əşyaları – avtomobillər və aksizli məhsullardan başqa – ödənişsiz gətirmək mümkün olacaq.

"Bəlkə satmağa gətirirsən?"

Amma məbləğin artması ilə məsələ bitmir. Xaricdən gələn vətəndaşı ödənişsiz buraxmaq üçün onun özü ilə gətirdiyi malların doğrudan da şəxsi istifadə üçün lazım olduğu müəyyənləşməlidir. Dövlət Gömrük Komitəsindən fins.az-a verilən məlumata görə, gətirilən malların şəxsi istifadə üçün lazım olması Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarına əsasən müəyyən edilir. Həmin qərara əsasən, gömrük sərhədindən gətirilən malların təyinatı müəyyən ediləndə fiziki şəxsin səfərinin bütün halları nəzərə alınır, malların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün gətirildiyi yəqinləşdirilir, onların xassələri və miqdarı nəzərə alınır. Bundan başqa, mal gətirən şəxsin sərhəddən mal keçirməsinin mütəmadiliyi də nəzərə alınır. Yəni dəqiqləşdirilir ki, bu şəxs nə qədər tez-tez mal gətirir.

2 dəst kostyum, 2 telefon və sair

Gətirilən malın doğrudan da şəxsi istifadə üçün nəzərdə tutulduğu dəqiqləşəndən sonra onların ödənişsiz ölkəyə buraxılmasına icazə verilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin adı çəkilən qərarına görə, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və eynicinsli malı bu güzəştli qaydada, yəni ödənişsiz gətirə bilər. Komitədən verilən məlumata görə, bu əşyalar müxtəlif ola bilər tutaq ki, iki kostyum, və ya iki digər geyim, cizah və s. Amma yaxın vaxtlarda bu qaydaların da dəyişməsi gözlənilir. Məsələ bundadır ki, prezidentin adı çəkilən fərmanında Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarını bu fərmana uyğunlaşdırsın. Deməli, yuxarıda xatırlatdığımız 305 saylı qərara da dəyişiklik ediləcək.

Malın gömrük qiyməti onun üstündəki qiymət deyilmiş

Amma xaricdən mal gətirənlər bəzi nüansları nəzərə almalı olacaqlar. Birincisi, gətirilən malın qiymətini göstərən sənədin olması vacibdir. Bumağazada verilən qəbz, alqı-satqı müqaviləsi, ümumiyətlə pulun ödənilməsini təsdiq edən sənədlər ola bilər. Gömrük orqanları malın qiymətini məhz belə müəyyən edirlər.

İkincisi, mal gətirənlər nəzərə almalıdırlar ki, malın üstündəki və ya qəbzdəki qiymət malın gömrük dəyəri sayılmır. DGK-dən izah edirlər ki, gömük dəyəri dedikdə malın təkcə alış qiyməti yox, onun Azərbaycan sərhədinədək çatdırılması üçün çəkilən xərclərin məcmusu başa düşülür. Məsələn, biz Türkiyədən, İstanbuldan 5 000 manata mebel dəsti alıb Azərbaycana gətirmək istəyirik. Təbii ki, onun daşınması üçün yük avtomobilinə daşınma xərci (tutaq ki, 500 manat) ödənilir, üstəlik, mal yolda baş verə biləcək hadisələrdən sığortalanır sığorta haqqı da (tutaq ki, 50 manat) ödənilir. Belə olanda Azərbaycanın sərhədində malın gömrük dəyəri 5 000 manat yox, 5 550 manat (5 000 manat + 500 manat + 50 manat) olacaq.

Xatırladaq ki, prezident İlham Əliyev oktyabrın 22-də gömrük yoxlamalarının sadələşdirilməsi barədə fərman imzalayıb.

Azərbaycan dilinə yeni terminlər daxil edildi - Ayfon, cakuzi

Azərbaycan dilinə rəsmi olaraq 2500 yeni termin daxil edilir.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, həmin terminlər yeni hazırlanan və artıq çap olunma ərəfəsində olan izahlı dilçilik lüğətinə daxil edilib.

Lüğətdəki terminlər son 2-3 il ərzində dilimizə yeni daxil olan və dilin daxili imkanları hesabına yaranan sözlərdir. Terminlər müxtəlif sahələr - informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələri üzrədir. Yeni terminlərin sırasında informatika sahəsi üzrə olan sözlər çoxluq təşkil edir.

 

S.Sadıqova əlavə edib ki, yeni terminlər indiyədək Azərbaycan dilinin orfoqrafiya, eləcə də izahlı lüğətinə daxil edilməyib.

 

 

 

"Dalğa TV" yeni terminlərin bir neçəsini oxuculara təqdim edir:

AYFON - Səs, rabitə və görüntü imkanlarını özündə birləşdirən simsiz multimedia qurğusu.

AYPƏD - İnternetə fərdi qoşulma cihazı; klaviaturasız noutbuk.

BİOPSİYA - Xəstəliyin xarakterini mikroskopla müəyyən etmək üçün canlı orqanizm toxumasından kiçik bir parçanın kəsilib müayinə edilməsi.

CAKUZİ - Suyun xüsusi sistem üzrə dövr etdiyi və yüksək təzyiqlə vurulduğu vanna.

CEKPOT - Lotereyada böyük məbləğli uduş.

ÇAT - İnternet şəbəkəsi dialoq rejimində qısa mətn məlumatları ilə mübadilənin təşkili. Bu halda dialoq iştirakçıları klaviatura vasitəsilə sorğu göndərir və displeyin ekranında cavabı alır.

ÇAT SEANS - İnternet şəbəkəsində qarşılıqlı dialoqun əsas forması.

ÇİLƏYİCİ HOVUZ - Su dövranlı basqılı boru kəmərləri sistemi ilə təchiz olunmuş açıq çən.

ÇİP - 1. Mürəkkəb siqnal elementi. Bu siqnalın uzunluğu informasiyalı simvolun uzunluğundan dəfələrlə azdır. 2. Bir kristal üzərində yarımkeçirici mikrosxem.

ÇİP SÜRƏTİ - Geniş skeptrli sistemdə siqnalların verilmə sürəti. Takt tezliyi giriş siqnalın tezliyindən dəfələrlə çoxdur.

ÇİPS - Lay-lay doğranmış və yağda qızardılmış kövrək, xırçıldayan kartof dilimləri.

ÇİZBURQER - İsti qəlyanaltı; ikiyə bölünmüş və arasına kotletlə pendir qoyulmuş ədviyyatlı dairəvi kökə.

DATA KART - İnformasiya əməliyyatlarını yerinə yetirmək üçün elektron kart.

DAYCEST - Rəqəmli imza rolunu oynayan qısa şifrələnmiş məlumat. Bu rabitə kanallarında şifrə edilməmiş məlumatlar birgə ötürülür.

DEBET - Müəssisənin (bankın) borclarının miqdarını göstərən, mühasibat hesablarının sol tərəfidir. Aktiv hesablarda debet sayılan məbləğin artmasını, passiv hesablarda isə azalmasını göstərir. Bütün iqtisadi hesablaşmalar bir hesabın debetinə və digər hesabın kreditinə yazılır.

DEBET NOT - Bu və ya digər səbəblərə görə ödənilməli olan, sonuncu müəyyənləşdirilmiş məbləğin debet hesabına yazılması barədə bir tərəfin o biri tərəfə göndərdiyi bildiriş.

DEBET KARTI - Alıcının cari hesabından onun tərəfindən alınmış mal və xidmətlərə görə pul silinməsini həyata keçirən mikroprosessor kartoçka.

DEBİTOR - Kredit (borc) verilmiş hüquqi və ya fiziki (borclu) şəxslərdir.

DEBİTOR BORCLARI - 1. Debitorlardan, yəni hüquqi və ya fiziki şəxslərdən müəssisəyə çatacaq borcun məbləğidir. Debitor borcu iqtisadi fəaliyyətin normal prosesi və ya maliyyə, yaxud ödəmə intizamının pozulması ilə əlaqədar ola bilər. Debitor borcu xammal və materialların alınması üçün dövriyyə vəsaiti çatışmazlığında vaxtsız ödəmə hallarında, müəssisə dayanarkən işçilərə əmək haqqının verilməsində müəssisənin dövriyyəsindən vəsaitin ayrılmasını əks etdirir. 2. Şirkətin gəlirlərinin ümumi məbləğinin qeyri-müəyyənliyi nəticəsində, hələlik üçüncü şəxs tərəfindən daxilolmaların hesaba yazılmamış gəlirləridir.

DEBURS - Qaytarıla bilməyən ticarət və digər xərclər.

DEVALVASİYA - Pul vahidinin, qızıl məzənnəsinin rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. İnflyasiya, tədiyyə balansının defisiti (kəsiri) pul dövriyyəsinin pozulması nəticəsində digər ölkələrin valyutası ilə müqayisədə bir ölkənin valyutasının dəyişmə məzənnəsinin birdəfəlik aşağı düşməsi,qiymətdən düşməsidir. Devalvasiya zamanı ixrac olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır.

DƏRƏCƏ PROFİLİ - Təhsil proqramı və ya ixtisaslaşma xüsusiyyətlərinin təsviridir. Bu tanıdıcı, təhsil proqramının məxsusi məqsədlərinə əsaslanan proqramın əsas xüsusiy-yətlərini, tədris olunan fənlərin akademik xəritəsinə və ya tematik təlimlərə necə uyğunlaşmasını və peşəkar ictimaiyyətə nə dərəcədə aid olmasını göstərir. Cəmiyyətin və konkret fənn sahəsinin birgə ehtiyaclarının, o cümlədən sözügedən təhsil proqramının təsis edilməsi üçün tələb olunan maliyyə və kadr resurslarının təhlili prosesinin nəticəsində yeni dərəcə profili təsis edilə bilər.

DİCEY - Səsyazma daxil edilməklə, şərh, zarafat və reklamla müşayiət olunan musiqili verilişin və ya əsasən, musiqi üzərində qurulmuş radio proqramının aparıcısı.

DİSKRESİON SİFARİŞ - Qeydiyyatdan keçmiş nümayəndəyə və ya digər broker firmasına qiymətli kağızların seçilməsi, qiymətli kağızların miqdarı və həmçinin alqı-satqı haq-qında müştəri adından xüsusi qərarlar qəbul edilməsinə səlahiyyət verən sifarişdir.

DİSKRESYA SİYASƏTİ - Qanunverici və icraedici orqanın qərarında daha çox dəyişən iqtisadi vəziyyətə nəzərdə tutulan çevik siyasətdir.

DİSKRETLƏŞDİRMƏ - Fasiləsiz analoq siqnallarının diskret impulslar ardıcllığına çevrilməsi prosesi.

DİSKRET İSTEHSAL - Məhsulların fasilələrdə istehsal edildiyi metoddur. Məsələn, avtomobillərin, kompüterlərin və s-nin istehsalı.

DİSKRET KƏMİYYƏTLƏR - Müxtəlif qiymətli tapşırıqlara verilmiş fasiləsiz ölçülərin əksi olan kəmiyyətlər. İqtisadiyyatda üstünlük təşkil edən diskret anlayışlardan, göstəricilərdən istifadə edilir. Onlar qeydə alınır, ölçülür, müəyyən vaxt və müxtəlif anlarda hesablanır (saat, gün, həftə, ay, rüb, il, bir neçə il).

SOCAR: Gürcüstanın "Qazprom"la apardığı danışıqların bizimlə münasibətə heç bir təsiri yoxdur

Azərbaycanın Gürcüstanı təbii qazla təchiz etməsi sahəsində heç bir problem yoxdur.

 
"Dalğa TV"nin xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.

"Gürcüstan bazarının qazla təminatını demək olar ki, SOCAR həyata keçirir. Burada heç bir problem yaranmayıb. Sadəcə olaraq, Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin Rusiyanın "Qazprom" şirkəti apardığı danışıqlar bu ölkənin şəxsi işləridir və bunun SOCAR-la əlaqələrə, münasibətlərə heç bir təsiri yoxdur. Kaxa Kaladzenin özü də bəyan edib ki, Azərbaycanla heç bir problemimiz yoxdur", - deyə S. Qasımov vurğulayıb.

Vitse-prezident əlavə edib ki, Azərbaycan öz öhdəliklərini uğurla və müvəffəqiyyətlə yerinə yetirir və gələcəkdə də yerinə yetirəcək.

Neftin ucuzlaşması bu ölkələri çökdürəcək - SİYAHI

Beynəlxalq Valyuta Fondu neftin qiymətinin kəskin azalmasının bir çox ölkələrin iqtisadiyyatını çökdürəcəyini bəyan edib.

"Dalğa TV" Anadolu agentliyinə istinadən xəbər verir ki, əsas təhlükə başda Səudiyyə Ərəbistanı olmaqla Yaxın Şərq ölkələrini gözləyir.

Yaxın Şərqdə silahlı münaqişələrin davam etməsi bu regiondakı ölkələrin valyuta ehtiyatlarının sürətlə əriməsinə səbəb olur. Əgər neftin qiyməti 50 dollar səviyyəsində qalacaqsa, Səudiyyə Ərəbistanının valyuta ehtiyatı 5 il ərzində tükənə bilər. Bu ölkənin iqtisadi stabilliyinin saxlaması üçün neftin qiymətinin 100 dollar səviyyəsində qalması zəruridir. Dünyanın ən böyük neft satıcısı olan ərəblər təkcə son bir ildə neftin ucuzlaşmasından 360 milyard dollar itirib.

Eyni təhlükə Səudiyyə Ərəbistanı ilə yanaşı digər region ölkələrini - BƏƏ, Qatar, Bəhreyn, İran və İraqı da gözləyir. İŞİD təhlükəsi və daxili toqquşmalarla üzləşən İraqda neftin qiymətinin ən azı 81 dollar olması ölkədə vəziyyəti stabil saxlamağa kifayət edir. İranda isə bu rəqəm 72 dollardır.

Digər ərəb ölkələrində silahlı münaqişələr ölkə daxilinə keçməsə də, həmin dövlətlərin bu münaqişələrə nə dərəcədə təsir etmələri və pul xərcləmələri sirr deyil.a

Azərbaycan Dövlət Neft Şirkəti 9 ayda 6,2 mln. ton neft hasil edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-sentyabr ayları ərzində 6 mln. 214,1 min ton neft hasil edib.

"Dalğa TV" SOCAR-a istinadən xəbər verir ki, neft hasilatı bu ilin 9 ayında ötən ilin müvafiq dövrünə nisbətən 1,4% az alıb.

Bu ilin 9 ayında hasil olunan neftin 674.8 min tonu sentyabr ayının payına düşüb.

Sentyabr ayında hasil olunan neft ötən ilin sentyabr ayına nisbətən 1,7% az olub.

İlham Əliyev açılış mərasimində - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun istifadəyə verilməsi mərasimlərində iştirak edib.

Dalga TV  Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə dövlət başçısı “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışını edib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına zavodun fəaliyyəti haqqında məlumat verib. İlham Əliyev zavodu işə salıb, istehsal prosesinə baxıb.

Sonra prezident “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısı zavodun kollektivi ilə görüşüb. Azərbaycan Prezidenti zavodun butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə salıb.

Gürcüstan prezidenti bir daha “Qazprom”la əməkdaşlığı müzakirə etməyi tələb edib

Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumətin növbəti iclasının gündəliyinə Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlıq və danışıqlar məsələsini daxil etməyi növbəti dəfə tələb edib.


Qeyd edək ki, prezidentin bundan əvvəl irəli sürdüyü analoji tələbi KİV və müxalifət tərəfindən kəskin etiraza səbəb olmuşdu. Bu barədə "Dalğa TV" "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, sentyabrda Gürcüstanın energetika naziri Kaxa Kaladze "Qazprom" nümayəndələri ilə görüş keçirib. O, Gürcüstana Azərbaycandan ölkəyə olunan tədarüklə rəqabət edə biləcək qiymətin təklif ediləcəyi təqdirdə Rusiya qazının tədarük həcminin artırıla biləcəyini istisna etməmişdi. Lakin bu danışıqlar Gürcüstan müxalifəti və bəzi KİV-lər tərəfindən ciddi tənqid atəşinə tutulmuşdu. Gürcüstan müxalifəti etiraz aksiyası keçirərək dərhal "Qazprom"la danışıqlara son qoymağı tələb etmişdi.

"Biz yüksək vəzifəli məmurlardan bu məsələ ilə bağlı çoxlu bir-birinə zidd olan versiyalar eşitdik. Biz bu strateji əhəmiyyətli məsələyə dair məlumatın açıqlanmasını istəyirik. Bizə müəyyən yüksək vəzifəli şəxslərlə danışıqların aparılmasına və məsələyə aydınlıq gətirilməsinə dair çağırış olundu. Belə danışıqlar çox olub, lakin məsələ bizim üçün hələ də aydınlaşmayıb. Bu səbəbdən "Qazprom" məsələsinə hökumətin iclasında baxılmasına dair tələbimiz qüvvədə qalmaqdadır", deyə prezidentin müşaviri Pikriya Çixradze bildirib.

Qeyd edək ki, oktyabrın ortalarında Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumət administrasiyasına müraciət edərək hökumətin iclasında enerji təhlükəsizliyi və enerji daşıyıcıların tranziti məsələsinə baxılmasını xahiş edib. Energetika naziri Kaxa Kaladze isə məsələnin müzakirəyə çıxarılmasına ehtiyac olmadığını bildirib.

Azərbaycandan MDB-yə ixrac 45% azalıb

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi illik 13,67% azalaraq cari ilin yanvar-sentyabr ayları ərzində 1 mlrd. 796,8 mln. dollar təşkil edib.

"Dalğa TV"nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac illik 44,8% azalaraq 344 mln. dollar, idxal isə 0,39% azalaraq 1 mlrd. 452,8 mln. dollar olub. Nəticədə ölkə üzrə məcmu ixracın 3,92%-i, idxalın isə 22,08%-i MDB ölkələrinin payına düşüb.

MDB ölkələri ilə ticarət dövriyyəsində əsas paya malik olan Rusiyaya ixrac 42,54% azalaraq 270,2 mln. dollar, idxal isə əksinə 19,3% artaraq 1 mlrd. 71,1 mln. dollar təşkil edib.

Qeyd edək ki, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,72% azalaraq 15 mlrd. 348,5 mln. dollar olub. Bunun da 6 mlrd. 578,5 mln. dolları idxal, 8 mlrd. 769,9 mln. dolları ixrac əməliyyatlarının payına düşüb.

Gürcüstanın baş nazirinin müavini: "Söhbət Azərbaycan qazının Rusiya qazı ilə əvəz olunmasından getmir"

"Gürcüstan gələcəkdə də Azərbaycanla əməkdaşlığı davam etdirəcək və Azərbaycan qazının idxalını əvəzləmək niyyətində deyil".

"Dalğa TV" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan baş nazirinin müavini Kaxa Kaladze bildirib.

"Söhbət əvəzetmədən getmir, söhbət bu gün ölkə və bazarın ehtiyac duyduğu əlavə həcmdən gedir. Müflisləşən siyasi partiyalar, siyasi fiqurlar bunu bir problem kimi, Gürcüstanın Azərbaycanı əvəzləmək istəməsi kim qələmə vermək istəyir. Bu yalandır. Biz illərdir ki, Azərbaycanla əməkdaşlıq edirik və bu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik", - K.Kaladze qeyd edib.

SOCAR və "Amec Foster Wheeler" arasında məsləhətləşmələr aparılıb

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın “Amec Foster Wheeler” şirkətinin baş icraçı direktoru Samir Brikhonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev “Amec Foster Wheeler” şirkəti ilə SOCAR arasında hasilat və emal sənayesində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğunu və bu sahələrdə geniş perspektivlərin olduğunu qeyd edib.

SOCAR prezidenti “Amec Foster Wheeler” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, şirkətə həvalə edilmiş layihələrin vaxtında və keyfiyyətlə icra edildiyini vurğulayıb.

S. Brikho qeyd edib ki, “Amec” və “Foster Wheeler” şirkətlərinin birləşməsi karbohidrogen hasilatı, nəqli və emalı sahələrində Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində və Azərbaycanda həyata keçirilən digər layihələrdə şaquli inteqrasiya edilmiş beynəlxalq təcrübəni təmin edir. Baş icraçı direktor şirkətin Azərbaycanda 18 illik fəaliyyəti dövründə neft-qaz infrastrukturunun inkişafını dəstəkləmək məqsədilə digər layihələrlə yanaşı dənizdə 70 000 tondan artıq hasilat platformalarının inşasında iştiraklarını qeyd edib.

Bildirib ki, “SOCAR-Foster Wheeler” Birgə Müəssisəsinin yaradılması ilə şirkətlər arasında əməkdaşlıq daha da genişlənib, Azərbaycanda yerli mühəndis kadrlarının potensialından daha böyük həcmdə istifadəyə şərait yaranıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Saytda Axtarış

ახალი ამბები