Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum olub
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə iclası keçirilib.
Məhkəmə prosesində Saakaşvili iştirak etməyib. Onun məhkəməyə qatılmamasının səhhəti ilə əlaqəli olduğu bildirilsə də, vəkilləri bunu təsdiqləyən rəsmi sənəd təqdim etməyib. Nəticədə məhkəmə, keçmiş prezidentin son söz demək niyyətində olmadığı qənaətinə gələrək müşavirəyə gedib. Hökm martın 17-də elan ediləcək.
İş üzrə təqdim olunan sübutlar, videomateriallar və ekspert rəyləri araşdırılıb, şahidlər ifadə verib. Prokuror Levan Vepxvadze bildirib ki, mövcud dəlillər Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçdiyini təsdiqləyir və onun bu ittiham üzrə tam təqsirli bilinəcəyi gözlənilir.