Şuşada Gürcüstanın da qatıldığı Birinci Beynəlxalq Kulinariya Festivalı başlayıb
Şuşada 12 ölkənin iştirakı ilə Birinci Beynəlxalq Kulinariya Festivalı başlayıb.
Festival Heydər Əliyev Fondu və Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Dünyanın müxtəlif ölkələrinin kulinarlarını bir araya gətirən tədbirin məqsədi Şuşanın qədimliyini, gözəlliyini, Azərbaycan xalqının qonaqpərvərliyini bir daha nümayiş etdirməkdir.
Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.
Tədbirdə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə bloqerlər də təmsil olunurlar.
Qeyd edək ki, baş tutan Beynəlxalq Kulinariya Festivalı mayın 8-dək davam edəcək.