“Ermənistan silahlı qüvvələrinin artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür və növbəti təxribatdır”

İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə müxtəlif çaplı silahlardan, minomyot və digər artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd ediblər.
Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər isə yaralanıb.
Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir.
Qeyd etmək lazımdır ki, iyulun 10-da Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarına səfər edib.
Xocalı aeroportundan birbaşa Xankəndinə gələn Sarkisyan burada qondarma rejimin rəhbəri Araik Arutunyanla danışıqlar aparıb.
Armen Sarkisyanın Qarabağa səfəri barədə ictimaiyyətə öncədən heç bir məlumat verilməyib.
Bu gün törədilən təcavüz bir daha sübut edir ki, düşmən bu təxribata öncədən hazırlaşıb və Sarkisyanın səfəri Ermənistanın hazırladığı növbəti təcavüzkar siyasətin tərkib hissəsidir.
Bu bir daha sübut edir ki, təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.
Ermənistanın bu təxribatı beynəlxaq hüquqa və beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini də ciddi şübhə altına alır.
Əslində Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi–siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.
Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.
Amma məsələ bununla da bitmir. Ermənistan rəhbərliyi eyni zamanda, bu yolla özünün yarıtmaz siyasəti nəticəsində COVID-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.
Dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribatın törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin pandemiya ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyil.
Ona görə də, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamalıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey