Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir

Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin
əsas prioritetlərindəndir
Bildiyimiz kimi, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib.
Bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Konfrans digər tərəfdaş ölkələr kimi Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edib.
İlk növbədə qeyd etməliyəm ki, bu konfransda da Azərbaycanın regionda və dünyada oynadığı mühüm rol, onun sülhsevərliyi, Avropanın enerji təhlükəsizliyindəki rolu bir daha iştirakçıların və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda çıxış edərək Azərbaycanın Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsi olduğunu bir daha diqqətə çatdırıb.
Bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.
«Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik» – deyə, Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır
Konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ problemindən də danışıb.
İki il bundan əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədinin paraflandığına diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, sənəddə hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır.
İlham Əliyev qeyd edib ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
İşğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda böyük nəticələr əldə edib

Prezident İlham Əliyev Azərbaycanın son illər ərzində sosial-iqtisadi inkişafı barədə məlumat verib.
Bildirib ki, işğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda böyük nəticələr əldə edib. Son 16 ildə ümumi daxili məhsulumuz 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır.
Azərbaycan Prezidenti vurğulayıb ki, yaxın zamanda Azərbaycan Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacaq. Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və onu maliyyələşdirmişdir.
«Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir» – deyə, Prezident İlham Əliyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey