“Qırmızı Körpü”dəki problem həll edildi
Dövlət Gömrük Komitəsi Gürcüstan sərhədində yaranmış problemlə bağlı məsələyə münasibət bildirib.
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, Gürcüstan sərhədində baş verən nasazlıq mayın 2-si saat 23:30-da aradan qaldırılıb:
“Ötən gün saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb. Bu məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub”.
Komitə rəsmisi qeyd edib ki, hazırda sərhədi keçən insanların və nəqliyyat vasitələrinin keçidi bərpa olunub.