Gürcüstan Prezidenti Bolnisi rayonunda yerli sakinlərlə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsinə səfəri çərçivəsində Bolnisi rayonunda yerli sakinlərlə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə dövlət başçısı rayonun inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib.

S.Zurabişvili deyib ki, bölgədə bir sıra faydalı və maraqlı layihələr həyata keçiriləcək və bunun üçün insan resursları tələb olunur.

Bölgələrdə mədəni həyatın inkişaf etdirilməsindən danışan prezident Kvemo Kartlidə kitabxana, teatr, muzey və mədəni mərkəzlərin fəaliyyət göstərməsinin əhəmiyyətli olduğunu qeyd edib.

S.Zurabişvili Kvemo Kartlinin multietnik bölgə kimi inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb. O deyib ki, Kvemo Kartli bölgəsi Gürcüstanın tolerantlığının güclü nümunəsidir:

“Gürcüstandakı tolerantlıq turistlər üçün maraqlı ola bilər. Bölgəyə səfər edəcək turistlər Gürcüstanda müxtəlif etnik mənsubiyyətə məxsus insanların sülh şəraitində necə yaşadığını görə bilərlər”.

Dövlət başçısı bildirib ki, Kvemo Kartli bölgəsində yaşayan gənclər xaricdə təhsil proqramlarından yararlanmalıdırlar.

S.Zurabişvili Bolnisidə kiçik müəssisələrin fəaliyyəti ilə də tanış olub.

Daha əvvəl Salome Zurabişvili Kvemo Kartl bölgəsinə səfəri çərçivəsində Marneuli rayonunun Dəmyə Gorarxı kəndinə baş çəkib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey