Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili BMT tribunasında Gürcüstan ərazilərinin işğal faktından danışaraq Abxazlar və osetinlərə müraciət edib
BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib ki, ölkə ərazilərinin 20 faizinin işğal altında qalmasına baxmayaraq, Gürcüstan inkişaf və tərəqqi yolunda əzmkarlıqla irəliləməkdə davam edir.
Dövlət başçısı çıxışı zamanı beynəlxalq ictimaiyyətə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərilən sarsılmaz dəstəyə görə təşəkkürünü ifadə edib.
Prezident, həmçinin Abxaziya və Cənubi Osetiyada – işğal xəttinin digər tərəfində yaşayan abxaz və osetin icmalarına müraciət edərək qeyd edib ki, Gürcüstan müxtəlifliyi ilə fəxr edən bir ölkədir və tarix boyu bütün etnoslarla birlikdə yaşayıb:
“Biz əsrlər boyunca Gürcüstan tarixini birlikdə yazmışıq. Bu tarix qəhrəmanlıq, birgə mübarizə və vətən sevgisi ilə zəngindir. Gürcüstan heç vaxt başqa xalqlara hökm edən imperiya olmayıb, əksinə, müxtəlifliyi ilə fəxr edən və sivilizasiyaların qovuşduğu bir məkan olub. Mədəniyyətimiz də məhz bu birgə yaşayışın nəticəsidir”.
Mixeil Kavelaşvili vurğulayıb ki, Gürcüstan xalqı üçün mədəni müxtəliflik problem deyil, mövcudluğun vacib şərtidir. Onun sözlərinə görə, abxaz və osetin icmalarını Gürcüstan hər zaman açıq ürəklə və sülh niyyəti ilə qarşılayacaq:
“Bizim borcumuz süni şəkildə yaradılmış maneələri aradan qaldırmaq, qırılmış körpüləri bərpa etməkdir. Əminəm ki, bir gün övladlarımızla birlikdə vahid, xoşbəxt və inkişaf etmiş Gürcüstanda yaşayacağıq”.
Çıxışının sonunda Gürcüstan Prezidenti beynəlxalq ictimaiyyətə ölkəsinin suverenliyi və ərazi bütövlüyünə verdikləri dəstəyə görə bir daha təşəkkür edib.