Almaniyanın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfir nazirliyə daxil olmamışdan əvvəl jurnalistlərə açıqlama verərək bildirib ki, bu hadisə müasir Gürcüstan–Almaniya münasibətlərində ilk dəfədir:
“Müasir Gürcüstan-Almaniya münasibətləri tarixində ilk dəfədir ki, alman səfiri Xarici İşlər Nazirliyinə çağırılır. Bu, diplomatik sanksiya formasıdır,” – deyə Fişer vurğulayıb.
O, bəzi rəsmi şəxslərin Almaniya Federativ Respublikasına, həmçinin özünə və digər diplomatlara qarşı səsləndirdiyi ittihamları əsassız və təxribat xarakterli adlandıraraq qəti şəkildə rədd etdiyini bildirib.
Diplomat eyni zamanda Gürcüstan hökumətinin mövcud siyasi kursunu tənqid edib:
“Gürcüstan hökumətinin hazırkı siyasəti ölkənin Avropa İttifaqına üzv olmaq məqsədi ilə ziddiyyət təşkil edir.”
Qeyd edək ki, bu gün Avropa İttifaqı və 26 Avropa ölkəsinin Gürcüstandakı səfirlikləri birgə etiraz bəyanatı yayıblar.