Böyük Britaniya, Fransa və Kanada Qəzzada əməliyyatın davam edəcəyi təqdirdə İsraili tədbirlərlə hədələyib
Böyük Britaniya, Fransa və Kanada İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları dayandırmaması və humanitar yardımlara tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaması halında ona qarşı konkret tədbirlər görməyə hazır olduqlarını bəyan ediblər.
“Dalğatv” xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti üç ölkənin liderlərinin birgə bəyanatına istinadla xəbər yayıb.
Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Kanadanın Baş naziri Mark Karni İsrailin Qəzzada hərbi əməliyyatlara yenidən başlamasını kəskin tənqid ediblər. Onlar İsrail hökumətinin Fələstin anklavına dair son bəyanatlarına qarşı çıxaraq, hazırkı bombardmanları “radikal hücumlara cavab” kimi əsaslandırmağın yolverilməz olduğunu bildiriblər.
Bəyanatda qeyd olunub ki, əgər İsrailin Baş naziri Benyamin Netanyahunun hökuməti Qəzza zolağında hərbi əməliyyatlarını və blokada siyasətini davam etdirərsə, bu ölkələr passiv mövqe tutmayacaq.
“Əgər İsrail yeni hücumları dayandırmaz və humanitar yardımların qarşısını almağa davam edərsə, biz buna cavab olaraq konkret addımlar atacağıq”, – deyə kommünikedə vurğulanıb.
Liderlər həmçinin İsrailin İordan çayının qərb sahilində qanunsuz yaşayış məntəqələri tikmək cəhdlərinə qarşı çıxıblar. Onlar bu siyasəti beynəlxalq hüquqa zidd hesab edərək, mümkün sanksiyalar da daxil olmaqla digər tədbirlərin görülə biləcəyini qeyd ediblər.
Makron, Starmer və Karni həmçinin ABŞ, Qətər və Misirin Qəzza münaqişəsinin həlli istiqamətində göstərdikləri səyləri dəstəklədiklərini bildiriblər. Onlar atəşkəsin əldə olunmasına və HƏMAS-ın Qəzzadakı nəzarətdən əl çəkməsinə çağırıblar.
Bəyanatda iyun ayında Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan konfransın bu məsələlərin həlli və münaqişənin “iki dövlət” prinsipi əsasında nizamlanması baxımından irəliləyişə yol aça biləcəyi qeyd olunub. Liderlər, həmçinin Fələstin dövlətinin tanınması istiqamətində digər ölkələrlə əməkdaşlığa hazır olduqlarını bildiriblər.