Zelenski: Ukrayna Rusiyanın ultimatumlarına boyun əyməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh sazişinə dair memorandumla bağlı açıqlama verib.
“Dalğatv” “APA”-ya istinadən xəbər verir ki, bu sənədin mövcudluğu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra ABŞ-ın sabiq Prezidenti Donald Tramp məlumat verib.
Zelenski brifinq zamanı bildirib ki, məsələ onun üçün hələlik qeyri-müəyyəndir:
“Əlimizdə belə bir memorandum və ya təkliflər olduqdan sonra məsələyə münasibətimizi formalaşdıra bilərik”, – deyə o vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, Tramp ilə söhbətindən belə qənaətə gəlib ki, Moskva atəşkəs və genişmiqyaslı danışıqların əsasını təşkil edə biləcək prinsipləri ehtiva edən sənəd təqdim etməyə hazırlaşır.
“Hazırda həmin sənədin konkret məzmunu barədə danışmaq çətindir, çünki onunla tanış deyiləm. Ancaq mənim əsas mövqeyimi Tramp yaxşı bilir”, – deyə Zelenski bildirib.
Prezident Zelenski əlavə edib ki, Ukrayna heç bir halda ordusunu öz ərazisindən çıxarmayacaq və Rusiya tərəfindən irəli sürülən ultimatumları qəbul etməyəcək:
“Bu, mənim konstitusion vəzifəmdir – dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq. Ordumuz da bu prinsiplərə əsaslanır. Bəli, hazırda bəzi ərazilər işğal altındadır, lakin heç kim öz torpağını və xalqını güzəştə getməyəcək”.
O həmçinin qeyd edib ki, bu məsələ ABŞ Prezidenti və onun komandası ilə dəfələrlə müzakirə olunub.