Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
Aprelin 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda ICESCO-nun Azərbaycandakı yeni regional ofisinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, ICESCO Baş direktoru Salim bin Məhəmməd əl-Maliki və digər rəsmi şəxslər iştirak ediblər.
Baş direktor bildirib ki, bu ofis təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üçün mühüm mərkəz olacaq və region ölkələrinə töhfə verəcək. O, Prezident İlham Əliyevə və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirib. Həmçinin, Leyla və Arzu Əliyevaya göstərdikləri dəstəyə görə xüsusi minnətdarlıq ifadə olunub.
Tədbir çərçivəsində ICESCO-nun fəaliyyəti və Azərbaycanla əlaqələri barədə videoçarx təqdim edilib. Sonda Leyla Əliyeva xatirə kitabına ürək sözlərini yazıb.