Gürcüstanda əcnəbilərin ölkəyə giriş-çıxış qaydaları sərtləşdirilir
Gürcüstan parlamenti əcnəbilərin ölkəyə daxil olması və burada qalması ilə bağlı qanunvericiliyə dəyişiklikləri müzakirə etməyə başlayıb. Qanun layihəsi qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsini, sığınacaq prosedurlarından sui-istifadənin qarşısının alınmasını və əcnəbilər üçün beynəlxalq mühafizə mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, yeni dəyişikliklər çərçivəsində əcnəbilərin ölkədən çıxarılması və onların Gürcüstana girişinə müəyyən müddət ərzində qadağa qoyulması həm cinayət, həm də inzibati məsuliyyət kimi tətbiq ediləcək. Ölkədə qalma qaydalarını pozan əcnəbilər üçün cərimələr artırılacaq, deportasiya proseduru isə sadələşdiriləcək.
Eyni zamanda, sığınacaq üçün müraciət qaydalarına da məhdudiyyətlər qoyulur. Belə ki, Gürcüstana daxil olan əcnəbi bir ay ərzində sığınacaq müraciəti etmədiyi təqdirdə, ona qarşı sürətləndirilmiş yoxlama proseduru tətbiq ediləcək. Dövlət təhlükəsizliyinə təhdid yaradan şəxslərin sığınacaq müraciətləri sərhəddəcə qiymətləndiriləcək və bu şəxslər ölkəyə buraxılmayacaq.
Elektron müraciət və cavablandırma sisteminin tətbiqi nəzərdə tutulur ki, bu da sənədlərin daha şəffaf və operativ şəkildə araşdırılmasına şərait yaradacaq. Həmçinin, yaşayış icazəsi yalnız deportasiya və çıxarılma qərarı verilmiş əcnəbilər üçün tətbiq ediləcək.
Qeyd olunan dəyişikliklər Gürcüstanın miqrasiya siyasətinin gücləndirilməsinə, ictimai təhlükəsizliyin təmin olunmasına və idarəetmə mexanizmlərinin daha da effektivləşdirilməsinə yönəlib.