Gürcüstanda siyasi fəaliyyət sahəsində xarici maliyyə dəstəyi ilə bağlı yeni məhdudiyyətlər nəzərdə tutulur

Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsi siyasi partiyaların, habelə seçki məqsədilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin xarici mənbələrdən ianə və qrant almalarını məhdudlaşdıran yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Qanun layihəsi hakim “Gürcü arzusu” fraksiyasının təşəbbüsü ilə hazırlanıb. Layihəyə əsasən, siyasətlə məşğul olan şəxslərin həm Gürcüstanda, həm də xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslərdən mühazirə, seminar və digər ictimai tədbirlər vasitəsilə maliyyə dəstəyi almaları qadağan olunur. Həmçinin, xarici mənbələrdən qrantların qəbul edilməsi yalnız Gürcüstan hökumətinin və ya səlahiyyətli dövlət qurumunun razılığı ilə mümkün olacaq.

Qanun layihəsində göstərilir ki, razılıq olmadan qəbul edilən qrantlara görə, həmin şəxslər ikiqat məbləğdə cərimələnəcəklər. Bununla belə, yeni qaydalar ümumi və ali təhsil, elmi fəaliyyət və beynəlxalq idman tədbirləri çərçivəsində verilən fərdi qrantlara şamil edilməyəcək.

Təşəbbüs müəlliflərinin açıqlamasına görə, bu addım Gürcüstanın suverenliyinin qorunması və ölkənin daxili siyasi proseslərinə xarici müdaxilələrin qarşısının alınması məqsədini daşıyır.

Qanun layihəsinin qəbulu siyasi birliklərin və seçki fəaliyyəti ilə məşğul olan subyektlərin maliyyə fəaliyyətində yeni hüquqi çərçivənin formalaşmasına səbəb olacaq. Layihənin parlamentdə növbəti oxunuşlarda da müzakirə olunacağı gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey