Gürcüstanın baş naziri İrakli Kobaxidze: “Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə birləşməsi realdır”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün bərpasının real və mümkün olduğunu bildirib. O, bu fikirləri televiziya efirində çıxışı zamanı səsləndirib.
Baş nazirin sözlərinə görə, siyasətlə məşğul olan hər bir şəxs öz fəaliyyətinin ölkənin gələcək inkişafına necə təsir göstərə biləcəyini düşünməlidir:
“Əgər bu prosesə kiçik də olsa töhfə vermək imkanım olsa, özümü xoşbəxt hesab edəcəyəm. Siyasət ardıcıl və məqsədyönlü şəkildə aparılarsa, qarşıya qoyulan bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyünün bərpası kimi ən böyük arzumuzun reallaşmasına nail olmaq mümkündür. Hadisələrin inkişaf dinamikası göstərir ki, bu istiqamətdə irəliləyiş əldə etmək üçün səbirli və düzgün yanaşma vacibdir.”
İrakli Kobaxidze vurğulayıb ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə yenidən birləşməsi uzunmüddətli siyasi strategiya və səbir tələb etsə də, bu hədəf tamamilə realdır.