Gürcüstan Parlamenti yayımçılara xaricdən maliyyə almağı qadağan edən qanun layihəsini təsdiqləyib

Gürcüstan Parlamenti yayımçılara xaricdən maliyyə dəstəyi almağı qadağan edən qanun layihəsini üçüncü – sonuncu oxunuşda qəbul edib. Bu dəyişikliyə parlamentin 86 deputatı müsbət səs verib.

“Gürcü Arzusu” partiyası tərəfindən irəli sürülən qanun layihəsi yayımçılara xarici mənbələrdən maliyyə qəbul etməyi qadağan edir. Bu məhdudiyyət sosial reklamları da əhatə edir.

Qanuna edilən dəyişikliklərə əsasən, yayımçılar sosial reklam yerləşdirmə müqabilində birbaşa və ya dolayı şəkildə maliyyə yardımı ala bilməzlər. Eyni zamanda, onlar “xarici qüvvələrdən” hər hansı formada maliyyə dəstəyi qəbul edə bilməzlər. Bunun yeganə istisnası kommersiya reklamları, telemarketinq, sponsorluq və proqram daxilində məhsul yerləşdirmədir.

Bundan əlavə, xarici qurumlar yayımçılara xidmətlər təqdim edə, onların proqramlarının hazırlanmasını və ya efirə verilməsini maliyyələşdirə bilməyəcəklər. Kommersiya reklamları və məhsul yerləşdirmə bu məhdudiyyətdən kənar saxlanılıb.

Qanunda “xarici qüvvə” anlayışı aşağıdakıları əhatə edir:

  • Xarici dövlət hakimiyyət orqanlarının tərkib hissələri;
  • Gürcüstan vətəndaşı olmayan fiziki şəxslər;
  • Gürcüstan qanunvericiliyi əsasında yaradılmamış hüquqi şəxslər;
  • Xarici dövlətlər və beynəlxalq hüquq çərçivəsində formalaşmış təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, korporasiyalar və digər qurumlar.

Qanunun müzakirəsi zamanı ona əlavə olunan yeni maddəyə görə, yayımçılar 2025-ci il iyunun 1-dək bu qaydaları pozduqları halda, tənzimləyici komissiya tərəfindən cərimə və digər sanksiyalar tətbiq edilməyəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey