Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Martın 14-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında növbəti iftar süfrəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, iftar mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Süfrəyə Azərbaycanın müxtəlif bölgələrindən və ucqar kəndlərindən şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilər dəvət olunublar. Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.
Çıxış edənlər ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuzun qəhrəmanlığından, torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin şücaətindən danışıblar. Eyni zamanda, dövlətimizə və xalqımıza firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə sağlamlıq, Azərbaycan Ordusuna isə güc-qüvvət arzu edilib, ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Fire Land Group” tərəfindən həyata keçirilən “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində təşkil olunan tədbirdə daha sonra Azərbaycanın tanınmış incəsənət nümayəndələri çıxış ediblər.
Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın anıldığı və onların ailələrinin iştirak etdiyi “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində müxtəlif silsilə tədbirlər keçirilir. Şəhid ailələrinin qatıldığı bu tədbirlər indiyədək bir sıra rayonları əhatə edib.