Azərbaycanın mədəniyyət naziri ilə Gürcüstanın baş naziri arasında görüş baş tutub
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşüb.
Bu barədə Hökumət Administrasiyası məlumat yayıb.
Məlumata əsasən, Hökumət Administrasiyasında keçirilən görüşdə bölgədəki vəziyyət müzakirə olunub.
Baş nazir İrakli Qaribaşvili, Azərbaycanın mədəniyyət naziri Anar Kərimova Azərbaycanın, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür edib və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bir daha bildirib.
Görüşdə Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma vurğulanıb. Kərimov, 15 Ermənistan vətəndaşının sərbəst buraxılması qarşılığında mina xəritələrinin Azərbaycana verilməsi ilə nəticələnən uğurlu vasitəçiliyə görə İrakli Qaribaşviliyə təşəkkürünü bildirib.
Söhbət zamanı mədəniyyət sahəsində ikitərəfli əlaqələrin inkişafına da toxunulub.
Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin rəhbəri Azad Cəfərli və Gürcüstanın Mədəniyyət, İdman və Gənclik İşləri Naziri Tea Culukiani də iştirak ediblər.