Şarl Mişel Zurabişvili ilə görüşərək açıqlama verdi: “Gürcüstanda siyasi böhran sona çatır”
“Gürcüstanda siyasi böhran sona çatır və siyasi fəallıq artıq dayanıqlı xarakter alıb”.
Bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Gürcüstan prezidenti Salome Zurabişvili ilə keçirdiyi birgə brifinqdə deyib.
Onun sözlərinə görə, Gürcüstan iqtidarı və müxalifəti arasında imzalanmış razılaşma yeni mərhələnin başlanğıcıdır:
“Tərəflərin razılaşmanı imzaladıqları üçün bugünkü səfər xüsusilə sevindiricidir, bu da mühüm bir nailiyyətdir. Siyasi böhran sona yaxınlaşdı. Bu gün böyük bir əmək tələb edən yeni bir etapın başlanğıcdır. Gürcüstan liderləri bir razılığa gəldilər və bu razılaşma sizə aiddir, bilirəm ki, bu asan bir proses deyildi. Baş nazirə, müxalifət partiyalarına təşəkkür edirəm. Bu gündən etibarən daha çox iş başlayır”, – deyə Mişel qeyd edib.
Salome Zurabişvili isə, bu gün cəmiyyətin rahat bir nəfəs aldığını bildirib:
“Əvvəla, razılaşma cəmiyyət üçün çox vacibdir, çünki cəmiyyət həqiqətən yorulmuşdu. Cəmiyyətin bu qütbləşmə, mübahisələr və sonsuz qarışıqlıqdan yorğun və gərgin olduğunu deyərdim, hətta təhqir olunmuşdur, çünki bütün bunlar bizim üçün dəyərlər deyildi. Buna görə də bu gün cəmiyyət rahat bir nəfəs aldı və bunun bir qələbə günü olduğunu hiss etdi”, – deyə Zurabişvili qeyd edib.