Türk Şurasının yüksək vəzifəli rəsmiləri Ağdam Cümə məscidinə baxıblar
Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərində səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Cümə məscidini ziyarət ediblər.
Səfər iştirakçılarına məscidin tarixi və ermənilərin törətdiyi barbarlıq barədə məlumat verilib.
Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib.
Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.
Diqqətə çatdırılıb ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da ölkəmizin tarixi-mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub, bəziləri isə erməniləşdirilib.