O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Söhbət Şahismayıl Şəmmədoğlundan gedir.

Onu efirdən tanımışam. İlk dəfə Dövlət Televiziyasının efirində Gürcüstanla bağlı süjeti təqdim edirdilər. Və həmin süjetin təqdimatçısı da O idi. Diksiyası, faktı təqdim etməsi, eləcə də fakta uyğun olaraq seçilən məqam, mənzərə bir-birini elə tamamlayırdı ki, müəllifin naşı olmadığı, bu işdən kifayət qədər bilgili olması özünü büruzə verirdi…

Doğrusunu deyim ki, bəzən ekranda, efirdə elə kadrlarla, elə informasiyalarla, xüsusilə onu sınıq-salxaq, bir-birilə uyğunlaşmayan fikirlə təqdim edənlər görüntülənir ki, adam təəccüb edir. Hətta düşünürsən ki, bu cür yanlışlıqlara, bu cür mənzərələrə necə imkan verilir…
i

Təbii ki, efir də, ekran da böyük məkandı, orada yaxşı da, pis də, uğurlu-uğursuz verilişlər də olub və bundan sonra da yəqin ki, olacaq. Çünki iş olan yerdə qüsur də qaçılmazdı… Bütün bunları sözgəlişi xatırlamıram. Bunlar əslində mənim sonradan üzbəüz tanıyıb dostlaşdığım dostumla etdiyim söhbətlərin çox kiçik fraqmentləridi. Mən də həmin fraqmentlərə söykənərək indi onunla müsahib olmuşam və istəyirəm ki, müsahibimi olduğu kimi, görüb tanıdığım kimi sizə də təqdim edim. Biləsiniz ki, Azərbaycan Televiziya və Radio QSC-nin Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğlu yaradıcılıq yolunu hardan başlayıb və bu gün Gürcüstan gerçəkliyi onun təqdimatında necə görünür.

Haşiyə: Şahismayıl Şəmməd oğlu Məmmədov 1962-ci il aprel ayının 10-da Qardabani rayonunun Kosalı kəndində anadan olub. Burada orta məktəbi əla qiymətlərlə bitirib. Sonra sənədlərini Azərbaycan Pedaqoji İnstitutuna təqdim edib və 1980-ci ildə həmin institutun fransız dili fakültəsinə qəbul olub. Orta təhsilini əla qiymətlərlə başa vuran Şahismayıl institutu da fərqlənmə diplomu ilə bitirərək doğulduğu kəndə qayıdıb. Burada əmək fəaliyyətinə başlayıb. Üç il sonra həmin dövrlərdə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən iki illik Jurnalist Sənətkarlığı kursuna daxil olub və 1985-ci ildə bu institutda da təhsilini uğurla başa vurub. 1989-cu ilə kimi Kosalar kənd məktəbində fransız dili müəllimi işləyən Şahismayıl yaradıcılığa da meylli olduğundan Tiflisdə nəşr olunan “Sovet Gürcüstanı” qəzetində “Xəbərlər” departamentində direktor müavini kimi fəaliyyətini davam etdirib.

Onun imzası, təqdim etdiyi informasiyalar artıq diqqəti çəkməyə başlamışdı. Ona görə də Bakıda da bu bacarıqlı kadrdan istifadə etmək qərarına gəldilər. Və 1991-ci ildə Şahismayıl Şəmmədoğlu “AzərTac”ın Gürcüstan üzrə xüsusi müxbiri təyin edildi. Bir qədər sonra isə, yəni 1994-cü il yanvar ayının 2-də onu həm də Azərbaycan Dövlət Televiziyasının Gürcüstan təmsilçisi vəzifəsinə irəli çəkdilər. Paralel olaraq 2005-ci ilə qədər Şahismayıl Şəmmədoğlu hər iki vəzifədə özünü bacarıqlı mətbuat işçisi kimi oxucu və tamaşaçılara sevdirə bildi. Elə buradaca onu da əlavə edək ki, Şahismayıl Şəmmədoğlu fransız dilini də unutmadı. O, bu gün Tbilisi Humanitar Universitetində fransız dilini də tədris edir. Sadəcə olaraq, müəyyən qanunçuluğa uyğun olaraq 2005-ci ildən “AzərTac”dakı vəzifəsindən istefa verib. Ailəlidir, övladları, nəvələri var.

– Qısa tərcümeyi-haldan məlum olduğu kimi, Şahismayıl Şəmmədoğlu kifayət qədər həyat və mətbuat təcrübəsi olan media təmsilçisidir. Ona görə də bir həmkar kimi söhbətləşmək, nisbətən asan olsa da, amma onun jurnalist marağında olan mövzulardan da yan keçmək mümkün deyil. Yəni o, söylədiyi hər bir fikirdə növbəti bir sualın ipucu ortaya çıxır. Bu mənada yazılı mediadan ekrana, efirə transfer edən Şahismayıl Şəmmədoğlu üçün yaradıcılıq mühiti hansı istiqamətə dəyişdi, siz hansı çətinliklərlə və yaxud hansı gözləmədiyiniz məqamlarla qarşılaşmalı oldunuz?

– Həqiqətən yazılı mediadan televiziya, radio sahəsində çalışmaq fərqlənir. Yəni biri var kağızla, qələmlə üz-üzə oturasan, fikirlərini, düşüncələrini zaman-zaman öz içində, sonra da vərəqlərdə göyərdəsən. Biri də var ki, kamera və mikrafonla özünü hadisə yerinə çatdırıb, hüquqi terminlə desək, isti izlərlə tamaşaçıya, dinləyiciyə informasiya verəsən. Bax, bu informasiyanı elə təqdim etmək lazımdır ki, onu dinləyən, onu izləyən oradan özünə lazım olan nəyisə götürə bilsin, məlumatlansın. Həm də kameranı elə yönəltməlisən ki, arxa plandakı hadisənin mahiyyəti də tamaşaçının aldığı informasiyanı tamamlasın. Bu mənada “Xəbərlər” Departamentində işləməyim məndə müəyyən peşəkarlığın formalaşmasına şərait yaratmışdı, imkan vermişdi. Mən də televiziyaya gələndə təbii ki, daha çox informasiyalarla, xəbərlərlə işləyəcəyimi bilirdim. Ona görə də televiziya mühiti məni çox sıxmadı. Artıq qısa bir zamandan sonra hiss etdim ki, yavaş-yavaş “ekran adamı” ola bilirəm.

– Bir tamaşaçı kimi sizin təkcə Gürcüstan bürosunun rəhbəri olaraq yalnız informasiyalar deyil, həm də televiziyanın müxtəlif redaksiyalarının xəttilə geniş süjetli, həm də kifayət qədər vaxt ayrılmış verilişlərinizi də izləmək mənə nəsib olub. Onlardan biri heç vaxt yadımdan çıxmır. Borçalı yaylaqları ilə bağlı hazırladığınız həmin o kadrları izləyəndə və səsləndirilən fikirləri yaddaşıma yazanda mən xəyalən həsrətini çəkdiyim Qarabağa, düşmən caynağında qalan dağlarımıza getmişdim…

– Xatırlatdığınız üçün təşəkkür edirəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, həmin verilişlə bağlı böyük ziyalımız, dəyərli alimimiz, professor Camal Mustafayev də mənə görüşlərimizin birində söylədi ki, ekrandan səsləndirdiyin “o toy bu toya həsrətlə baxır” fikri yurd nisgilimizin, yurd dərdimizin qaysağını qopartdı. Gözəl tapmışdın o məqamı… Və mən həqiqətən Borçalı yaylaqlarından hazırladığım həmin o verilişin bütün kadrlarını bu gün gedə bilmədiyimiz, ermənilərin nəzarəti altında olan dağlarımıza baxa-baxa lentə almışdım.

– Şahismayıl müəllim, Azərbaycanın sərhədləri daxilində yaşamaq, işləmək və bu sərhədlər içərisindən çıxıb hardasa Azərbaycanı təmsil etmək bu bir fərqli məsələdir. Amma azərbaycanlı olub başqa bir məmləkətdə, başqa bir məmləkətin vətəndaşı olaraq Azərbaycanı və azərbaycançılığı təmsil etmək bu da başqa bir məsələdir. Sizin taleyinizə Gürcüstan vətəndaşı olan azərbaycanlı qisməti yazılıb. Bax, bu mənada sizin missiyanız daha böyük və daha çətindir.

– Sualın qoyuluşu həqiqətən maraqlıdı. Ona görə ki, biz Gürcüstan azərbaycanlıları, xüsusilə onun ziyalı təbəqəsi çiyinlərimizdə iki məsuliyyəti daha çox və həm də şərəflə daşıyırıq. Onlardan biri Gürcüstan vətəndaşı olmaqdır, ikincisi isə Gürcüstanda öz dədə-baba torpağında Azərbaycan Ziyalısı olmaqdır. Bir vətənpərvər azərbaycanlı kimi, digər ziyalılarımız kimi, həmişə Gürcüstanda yaşayan azərbaycanlıların yanında, içərisində olmaqla onların bütün yaşantılarını izləmişəm, görmüşəm, öz həyatımda hiss etmişəm. Xüsusilə Sovetlər Birliyi dağılandan sonra, həmin o xaosun baş alıb getdiyi illərdə Gürcüstandakı azərbaycanlıların maddi, mənəvi sıxıntıların, üzləşdikləri təzyiqlərin şahidi olmuşam. Hətta ordakı insanların təhnəsində çörəyin olmadığını da görmüşəm, bilmişəm. Bu gün də yadımdadı, bizim Suqalası kəndində bir ailənin çörək olmaması səbəbindən evini-eşiyini atıb köçmək istəyəndə mən sonuncu vəsaitimi xərcləyib bir kisə un alıb həmin evə aparıb verdim və rica etdim ki, yurdumuzu boş qoymayın. Çətinliklər beş-on gün, lap bir il davam edə bilər. Amma ata yurdunu tərk etmək, onu sahibsiz qoymaq böyük günahdır. Bu addımı atmayın. Təsəvvür edin ki, həmin illərdə Gürcüstanın əksər ərazilərindən insanların 80 faizi yurd-yuvasını tərk edirdi. Şükürlər olsun ki, Ulu Öndərin Azərbaycanda yenidən hakimiyyətə qayıtması Gürcüstandakı azərbaycanlıların ümid çırağını yandırdı. Artıq həmin köçmüş insanların demək olar ki, 90 faizi öz evinə-eşiyinə qayıdıb. Faktiki olaraq bu gün Gürcüstandakı azərbaycanlılar quruculuqla, həyat şəraitlərini yüksəltməklə məşğuldular. Bu da o deməkdir ki, biz yurdumuzu boş qoymadıq. Ulularımızın bizə əmanət etdiyi ocaqlarda işıqların sönməsinə imkan vermədik. O ki qaldı Gürcüstandakı azərbaycanlı ziyalılara, onların səsi, faəliyyəti indi daha çox eşidilir, görünür. Üstəlik, artıq Gürcüstan iqtidarında bizim təmsilçiliyimiz də get-gedə artmaqdadı. Burada da Azərbaycan hökumətinin, şəxsən cənab İlham Əliyevin böyük xidməti var. Məhz onun tapşırığı ilə Azərbaycan Neft Şirkəti Gürcüstanın ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələrin təhsil haqqını ödəyir. Bu isə iqtisadi problemlərlə üzləşən həmin tələbələrin valideynlərinə böyük stimul verir. Uşaqlar normal güzəranla yaşadıqlarından təhsildən yayınmırlar. Faktiki olaraq bu il ilk buraxılışı edilmiş həmin məzunların böyük bir hissəsi ixtisasları üzrə işlə təmin olunmuşlar.

Çünki Gürcüstanın dövlət dilini bildiyindən artıq bir kimsə onlara əlavə tələb ünvanlamır. Bundan başqa mənim hazırladığım “Heydər Əliyev və Gürcüstan” üç cildliyi, həmçinin Azərbaycan hökumətinin maddi dəstəyi ilə gerçəkləşdirilən layihələr, çəkilən yollar, Tbilisidəki Mirzə Fətəli Axundovun, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin və digərlərinin ev muzeyləri, həmçinin 1918-ci ildə Azərbaycanın mustəqilliyinin elan edildiyi və tikintisini şəkili ustaların apardığı binanın təmir-bərpası, ümumiyyətlə isə Gürcüstan ərazisində müxtəlif təyinatlı binaların üzərində dalğalanan Azərbaycan bayrağı Gürcüstan-Azərbaycan dostluğuna bariz bir nümunədir. Xatırlatmaq istəyirəm ki, Gürcustan ziyalıları, xüsusilə gürcü ziyalıları Azərbaycanın önəmini, onun varlığını yüksək dəyərləndirirlər. Bilirlər ki, məhz Azərbaycanın dəstəyi ilə Gürcüstan bu gün özünün iqtisadi, siyasi durumunu təmin edə bilib. Çünki Gürcüstan ərazisindən keçən kəmərlər, dəmir yolu xətləri öz əhəmiyyətinə görə, Gürcüstan üçün böyük investisiyadı, yatırımdı. Bir az obrazlı desək, Gürcüstanın süfrəsində payın üçdə ikisi Azərbaycanın ona etdiyi hədiyyələrdir.

– Şahismayıl müəllim, mən hərdən yolumu Gürcüstana salıram. Orada əldə etdiyim məlumata görə, Marneulidə Gürcüstan azərbaycanlılarının mədəniyyət mərkəzi var idi. Təəssüf ki, bu gün həmin mərkəz bərbad bir durumdadı…

– Bəli, bu doğrudan da belədir və mənim əldə etdiyim bilgilərə görə, inşallah, həmin mərkəz, eləcə də Gürcüstanın digər azərbaycanlılar yaşayan bölgələrində yeni mərkəzlərin də tikilib istifadəyə veriləcəyi gözlənilir. Bunu ona görə inamla vurğulayıram ki, Azərbaycan hökuməti, xüsusilə cənab İlham Əliyev Gürcüstan azərbaycanlılarına həmişə diqqət yetirib. Hələ ümummilli liderimiz Gürcüstana etdiyi səfər zamanı vurğulamışdı ki, bu torpaqlar bizim ata-babalarımıza məxsusdur. Bu torpaqları qoruyun, saxlayın və gələcək nəsillərə siz də hədiyyə edin. Bax, cənab İlham Əliyev də özünün Gürcüstan səfərlərində həmişə oradakı azərbaycanlıların problemləri ilə maraqlanır, onlara hər cür dəstək verir. Bu, Gürcüstan hökuməti üçün də yaxşı bir nümunədir.

– Təbii ki, problemlər həmişə var və problemləri də ortadan qaldırmaq hər bir kəsin təkcə vətəndaşlıq borcu yox, həm də insanlıq vəzifəsidir. İnsan da o zaman özünü daha çevik, daha həvəsli, daha yorulmaz hiss edir ki, onun əməyinə qiymət verilir. Mən sizinlə dost olduğum bu illər ərzində öyrənmişəm ki, siz prezident Şevardnadzenin vaxtında Gürcüstanın “Şərəf” ordeninə, prezident Saakaşvilinin vaxtında Gürcüstanın “Şöhrət” ordeninə, bu günlərdə istefaya göndərilən Georgi Marqelaşvilinin zamanında isə Gürcüstanın “Əməkdar jurnalist”i adına layiq görülmüsınız…

– Siz bir jurnalist dəqiqliyi ilə mənim barəmdə çox şeyləri artıq öyrənmisiniz. Bu məni sevindirir. Amma tam səmimiyyətlə demək istəyirəm ki, Gürcüstan hökumətinin mənim əməyimə verdiyi bütün qiymətlər Azərbaycan xalqına, Azərbaycan televiziyasına şamil edilməlidir. Çünki mən onun təmsilçisiyəm və bununla da qürur duyuram. Bundan sonra da üzərimə düşən missiyanı xalqımın və çalışdığım şirkətin adına layiq bir səviyyədə davam etdirəcəm.

… Bəli, biz iki dost demək olar ki, Gürcüstanla, Gürcüstandakı reallıqlarla, eləcə də Şahismayıl Şəmmədoğlunun vəzifəsi və özəl həyatı ilə bağlı çox məqamlardan söhbət açdıq, çox hadisələri xatırladıq. Bir daha öyrəndim ki, Şahismayıl 16 sənədli filmin həm ssenari, həm də ideya müəllifi olubdu. Həmin filmlərdən Ulu Öndərə həsr olunmuş “Dənizdən dənizə”, prezident İlham Əliyevin 50 illiyinə ithaf olunmuş “İlham Əliyev və Gürcüstan”, “İrsiyyət Fondu”, “Dostluq yolu”, “Borçalıda nə var, nə yox” və başqaları… Və söhbət boyu mən birmənalı şəkildə yenidən əmin olub inandım ki, Şahismayıl Şəmmədoğlu bütün varlığıyla, bütün ruhuyla Azərbaycanı sevən, Azərbaycanı təmsil etməyə layiq olan Gürcüstan azərbaycanlısıdı – həm də Böyük Azərbaycanlılardan biridir! Özü də gözü, könlü tox azərbaycanlıdır. Biz söhbət əsnasında bir dəfə də olsun yaşadığı sıxıntılardan, problemlərdən kiçik ştrixlərə də yer ayırmadı, toxunmadı. Amma mən özüm-özlüyümdə kiçicik də olsa bir sızıltının qəlbimdən keçdiyini gizlədə bilmədim. Bir Azərbaycan vətəndaşı, bir mətbuat işçisi kimi düşündüm ki, Gürcüstan hökumətinin, Gürcüstanın hakim dairələrinin dəyərləndirdiyi, əməyinə qiymət verdiyi Şahismayıl Şəmmədoğlu görəsən Bakıda niyə yada düşmür? Nədən onun adı hansısa bir təqdimatda əks olunmur?

Hə, bu mənim Şahismayıla birbaşa demədiyim və nədənini soruşmadığım sual idi. Onu özüm üçün saxladım. Düşünürəm ki, bu sualın mətbuata çıxmasına görə, dostum məndən hardasa incisə, haqlı ola bilər. Amma mən də öz haqqımdan istifadədə çəkinmədim. Çünki ürəyimdən gəlib keçən duyğu idi.

Əbülfət MƏDƏTOĞLU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey