Prezident İlham Əliyev bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib.

“Report” müsahibəni təqdim edir.

– Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki, belə bir şərait yaratmısınız və müsahibə ilə bağlı müraciətimizə müsbət cavab vermisiniz. Əlbəttə, bu, bizim üçün imkandır və biz müxtəlif sahələrlə bağlı suallar hazırlamışıq. Amma mən istərdim ki, 2019-cu il ərzində beynəlxalq münasibətlər sistemində regional və qlobal miqyasda Azərbaycanın atdığı addımlar və əldə etdiyimiz diplomatik nəticələrlə bağlı Sizin fikirlərinizi eşidək. Ümumiyyətlə, 2019-cu il bu baxımdan bizim üçün nə ilə yadda qaldı?

– 2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun.

O ki qaldı, xarici siyasətlə bağlı olan məsələlərə, hesab edirəm ki, bu sahədə də böyük uğurlar əldə edilib. Bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıbdır, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib. Deyə bilərəm, – mən dəfələrlə bu mövzu ilə bağlı fikirlərimi bildirmişəm,- qonşu ölkələrlə münasibətlər hesab edirəm ki, bütövlükdə hər bir ölkə üçün xüsusi məna daşıyır, o cümlədən Azərbaycan üçün. Mən çox məmnunam ki, son illər ərzində qonşu ölkələrlə bizim əlaqələrimiz inkişaf edir. Bu əlaqələr qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulubdur. Mənim qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olub və hər bir görüş məhsuldar olub. Ona görə hesab edirəm ki, bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları bu əlaqələri gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib. Artıq Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə bizim üçtərəfli əməkdaşlıq formatımız var. Bu format həm məna, həm də ki, əldə edilmiş nailiyyətlər baxımından çox müsbət formatdır. Eyni zamanda, bizim başqa ölkələrlə ikitərəfli əlaqələrimiz inkişaf edibdir. Deyə bilərəm ki, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ki, ikitərəfli formatda. Bu baxımdan bu il rekord il olmuşdur.

Bu il ölkəmizdə önəmli beynəlxalq tədbirlər keçirilib. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etmək olar. Bildiyiniz kimi, Azərbaycan bu təşkilatda çox fəal rol oynayır və təşkilata sədrlik Azərbaycana keçibdir. Biz bu təşkilata bir il ərzində sədrlik edəcəyik. Eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilibdir. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcəkdir. Qeyd etdiyim kimi, bizim sədrliyimiz yekdil qərarla qəbul olunub. Bunun çox böyük mənası var. Çünki Qoşulmama Hərəkatında birləşən ölkələrin arasında bəzi ixtilaflar var, qarşıdurma da var, anlaşılmazlıq da var. Bəzi ölkələr bir-biri ilə, sadə dildə desək, yola getmirlər. Belə olan halda, bütün dövlətlər tərəfindən bizə göstərilən dəstək əlbəttə ki, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, Azərbaycana çox böyük hörmət və böyük rəğbət var. Biz üç il ərzində bu təsisata sədrlik edəcəyik və bu sədrlik formal xarakter daşımayacaq. Biz istəyirik ki, bu təsisatın dünyadakı rolunu artıraq. Azərbaycan sədrliyi dövründə bir neçə önəmli təşəbbüslə çıxış edəcəkdir. Bu təşəbbüslərin əsas mahiyyəti ondan ibarətdir ki, dünyada beynəlxalq əməkdaşlıq yeni pilləyə qalxsın və ölkələr arasında, o cümlədən sivilizasiyalararası məsələlər sağlam təməl üzərində öz həllini tapsın. Bizim bu sahədə çox böyük təcrübəmiz vardır.

Eyni zamanda, hesab edirəm ki, bu il Avropa İttifaqı ilə bizim əlaqələrimiz uğurla inkişaf edib. İl ərzində bir neçə önəmli tədbir keçirilib, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti cənab Tuskun iyul ayında Azərbaycana səfəri xüsusi məna daşıyır. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bu il müsbət istiqamətdə inkişaf edibdir. Onu da bildirməliyəm ki, keçən il Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanmışdır. Bu sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək ifadə edilmişdir. Eyni zamanda, Qoşulmama Hərəkatının Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq ifadələr öz əksini tapıbdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da Yekun Bəyannaməsində buna oxşar bənd öz əksini tapıbdır. Beləliklə, Qoşulmama Hərəkatında birləşən 120 ölkə, Avropa İttifaqına üzv olan 28 ölkə, eyni zamanda, türkdilli ölkələr, hansılar ki, Qoşulmama Hərəkatına üzv deyil, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləyir, bizə inanır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini bizim mövqeyimizi dəstəkləyərək ərazi bütövlüyü çərçivəsində görür. Hesab edirəm ki, bu, xarici siyasət istiqamətində yaddaqalan əsas məsələlərdir. Əlbəttə ki, bizim xarici siyasətimiz çox çevikdir, çox düşünülmüşdür. Hesab edirəm ki, xarici siyasətlə bağlı bütün başqa məsələlər və nəticələr yüksək qiymətə layiqdir.

– Cənab Prezident, Siz Avropa İttifaqı ilə əlaqələrə toxundunuz. Yeri gəlmişkən, bilmək istərdik, Avropa İttifaqı ilə yeni sazişlə əlaqədar aparılan danışıqlar hansı mərhələdədir? Ümumilikdə bu məsələ ilə bağlı Sizin fikrinizi bilmək maraqlıdır.

– Deyə bilərəm ki, bir neçə ildir yeni saziş üzərində iş aparılır. Bizim əvvəlki saziş uzun illər bundan əvvəl imzalanmışdır və yeni sazişə əlbəttə ki, ehtiyac var. Biz hesab edirik və təklif etmişik ki, bu saziş hər iki tərəfin maraqlarını təmin etməlidir, əks halda, sazişə ehtiyac qalmayacaq. Biz, eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurla əməkdaşlıq aparırıq və 28 ölkədən 9–u ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıbdır, ya da qəbul edilibdir. Yəni, hesab edirəm ki, Avropa İttifaqı ilə imzalanacaq sazişin təməli bax, bu 9 sənəddə təsbit edilib. Hesab edirəm ki, gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim maraqlarımıza xidmət edən məsələlər öz əksini tapmalıdır. Saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır, saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır. Bu təqdirdə, əlbəttə ki, sazişin imzalanması mümkün olacaqdır. Deyə bilərəm ki, sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb. Hesab edirəm ki, qalan məsələlər xoşniyyətli ab-hava çərçivəsində öz həllini tapmalıdır. Bilirsiniz, sazişlə bağlı bəzi hallarda mətbuatda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. O cümlədən bir fikir ondan ibarətdir ki, Avropa İttifaqı bu sazişi bizimlə ona görə imzalamır ki, biz Avropa İttifaqına uyğun olan hansısa meyarlara cavab vermirik. Bu, tamamilə əsassız bir fərziyyədir, belə məsələ gündəlikdə yoxdur. Onu da açıq bildirməliyəm ki, sazişin bu günə qədər imzalanmamasının səbəbkarı da bizik. Nəyə görə? Bunu da mən izah edəcəyəm. Çünki hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı tam dəqiq məlumat olmalıdır. Sazişin bir neçə məsələsi hələ ki, müzakirə mövzusudur. Biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında – təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər.

Digər vacib məsələ energetika sektoru ilə bağlıdır. Burada da baxmayaraq ki, Avropa İttifaqı ilə enerji sahəsində bizim əməkdaşlığımız uğurludur və birgə layihələr icra edilir, ancaq sazişdə təklif olunan məsələlərin biri də, – mən istəyirəm ictimaiyyət onu da bilsin, – enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır. Bu saziş bizim maraqlarımıza uyğun olmalıdır. Prinsip etibarilə mən avropalı tərəfdaşlarıma sual vermişəm ki, “Siz mənə cavab verin, nə üçün biz bu sazişi imzalamalıyıq?”. Biz indi bu sazişsiz də yaşayırıq, yaxşı da inkişaf edirik, heç kimdən heç nə gözləmirik, heç bir imtiyaz üçün müraciət etməmişik. Biz sazişi ona görə imzalamaq istəyirik ki, bu saziş əlaqələrimizi yeni mərhələyə çıxarsın və maraqlarımız təmin edilsin. Əks təqdirdə, əlbəttə ki, bu saziş imzalanmayacaq.

– Cənab Prezident, mən “Şərq tərəfdaşlığı” məsələsi ilə bağlı sual vermək istərdim. Postsovet ölkələrindən bir neçəsi “Şərq tərəfdaşlığı” proqramında iştirak edir. Onlardan bəziləri Avropa İttifaqı ilə müvafiq sazişlər imzalayıblar. Bundan öncə Siz qeyd etdiniz ki, Azərbaycanla bu təşkilat arasında tərəfdaşlıq prioritetləri barəsində sənəd paraflanıb. Siz “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın perspektivləri barədə nə deyə bilərdiniz?

– Bilirsiniz, biz “Şərq tərəfdaşlığı” proqramına başqa ölkələrlə birlikdə qoşulduq. O vaxt bu proqramın nədən ibarət olacağı haqqında bizim təsəvvürümüz yox idi. Deyə bilərəm ki, son 10 il ərzində Avropa İttifaqı daxilində bir çox proseslər cərəyan edib. Hazırda təbii ki, Avropa İttifaqının gələcək fəaliyyəti, genişlənmə proqramı ilə bağlı fərqli fikirlər üstünlük təşkil edir. Yəni, 10 il bundan əvvəlki vəziyyət indiki vəziyyətlə ziddiyyət təşkil edir. Bu, birincisi.

İkincisi, “Şərq tərəfdaşlığı”na üzv olan ölkələri bir amil birləşdirir. O da ondan ibarətdir ki, bu ölkələr postsovet respublikalarıdır. Mən başqa birləşdirici amil görmürəm. Çünki ölkələrin həm xarici siyasəti fərqlidir, daxili vəziyyətdə böyük fərqlər var, təbii ki, iqtisadi inkişaf fərqlidir. Ona görə bu ölkələri bir proqramda birləşdirmək hesab edirəm ki, o vaxt üçün bəlkə də məqbul variant idi. Ancaq bu gün bu, belə deyil və bu ölkələrin bir neçəsi – daha doğrusu 3 ölkə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. Bir ölkə genişlənmiş əməkdaşlıq müqaviləsi bağlayıb. Azərbaycan isə assosiasiya sazişini bağlamayıb və hazırda ikitərəfli saziş üzərində iş aparılır. Mən artıq bu barədə öz fikirlərimi bildirdim. Ona görə bu proqramın gələcəyi haqqında bir şey demək çətindir. Bu proqram bizə təqdim olunanda biz bəri başdan öz fikrimizi bildirmişik ki, ikitərəfli formata üstünlük veririk. Azərbaycan Avropa İttifaqından hər hansı bir imtiyaz gözləmir və proqramda iştirak edən bəzi ölkələrdən fərqli olaraq biz özümüzü təmin edən ölkəyik, biz artıq Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında sırf donor ölkəyə çevrilmişik. Yəni, biz artıq borc verən ölkəyik. O ki qaldı, Qərb texnologiyalarına, biz Qərb texnologiyalarını alırıq, heç kim bizə bunu müftə vermir. Ona görə proqramda bizim mövcudluğumuz qalır, ancaq, sözün düzü, biz buna o qədər də böyük əhəmiyyət vermirik. Çünki bu proqramın çox dəqiq məramı və məqsədi bizim üçün aydın deyil. Əgər bu, Avropa inteqrasiyasıdırsa, artıq hər kəsə bəllidir ki, postsovet respublikaları üçün bu məqsəd əlçatmazdır. Əgər hansısa başqa bir ölkələr arasındakı əməkdaşlıqdan söhbət gedirsə, bu ölkələrin bəziləri ilə bizim sıx əlaqələrimiz var, bəzi ölkələrlə ümumiyyətlə əlaqələrimiz çox aşağı səviyyədədir, Ermənistanla isə müharibə şəraitindəyik. Ona görə bu proqramda bu ölkələri birləşdirmək və hansısa bir istiqamətə yönləndirmək cəhdləri hesab edirəm ki, bu proqramı təsis edənlər tərəfindən icra olunmadı. Ona görə biz proqramdan çıxmırıq, ancaq proqramda da fəal iştirak etmək fikrində deyilik.

– Cənab Prezident, istərdik bir məqama da toxunaq. Ümumiyyətlə, düşünürük ki, ilin ən yaddaqalan hadisələrindən biri Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən mərasimdə Sizin çıxışınız idi. Həmin çıxış ölkə ictimaiyyəti tərəfindən çox böyük rəğbətlə qarşılandı. Siz faktiki olaraq, professor, müəllim və tələbə heyəti qarşısında Azərbaycanın bugünkü uğurlarını şərtləndirən əsas amillərə, strateji vəzifələrə toxundunuz və bir fikriniz xüsusilə ictimaiyyət tərəfindən geniş müzakirə olundu. Bu, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələ idi. Siz birmənalı şəkildə bildirdiniz ki, Azərbaycan heç yerə inteqrasiya etmək fikrində deyil, bizim öz milli-mənəvi dəyərlərimiz, milli prinsiplərimiz var. Ümumiyyətlə, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı ortaya qoyduğunuz bu konkret mövqeni şərtləndirən əsas səbəblər, əsas qaynaqlar nədən ibarətdir?

-Bilirsiniz, Avrointeqrasiya haqqında artıq bəzi dairələrdə çox danışılır. Ancaq əsas məsələ ondadır ki, Avrointeqrasiya deyəndə nəyi nəzərdə tuturlar. Mən hesab edirəm ki, biz artıq Avrointeqrasiya istiqamətində öz addımlarımızı atmışıq və gələcək addımlara həm ehtiyac yoxdur, həm də o addımlar nəticəsiz olacaq. Misal üçün biz ATƏT-in üzvüyük. ATƏT Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. Biz 2001-ci ildən Avropa Şurasına üzv olmuşuq və artıq 20 ilə yaxındır ki, bu təşkilatda fəaliyyət göstəririk. Bu, Avrointeqrasiyanın bir növüdür. Eyni zamanda, Azərbaycan Avronest Parlament Assambleyasında da təmsil olunur. Belə olan halda, hesab edirəm ki, bu istiqamətdə mümkün olan addımlar atılıbdır və həm gələcək addımların atılmasına ehtiyac yoxdur, həm də bunun nəticəsi olmayacaq. Çünki əgər biz Avrointeqrasiya deyəndə Avropa İttifaqına üzvlük haqqında danışırıqsa, bu, tamamilə qeyri-mümkündür. Bunu həm tarix göstərir, həm Avropa məkanında gedən proseslər göstərir, həm də onu Brexit göstərir. İndi əksinə, necə deyərlər, Avropada mərkəzdənqaçma tendensiyaları göz önündədir. Eyni zamanda, Avropa İttifaqının genişləndirilməsi ilə bağlı Avropanın aparıcı ölkələrinin rəhbərlərinin çıxışlarına fikir vermək kifayətdir görək ki, artıq genişlənmə ilə bağlı heç bir perspektiv yoxdur. Hətta namizəd olan ölkələr – Balkan ölkələri, hesab edirəm ki, onlar da indi bir qədər çətin vəziyyətdədir. Çünki vaxtilə onlara vəd verilmişdi ki, siz bu məsələləri həll etməklə Avropa İttifaqına üzv ola bilərsiniz və onlar da bu addımları atıblar. Bəziləri çox ağrılı addımlar atmalı oldular. Mən indi o ölkələrin adlarını çəkmək istəmirəm, amma biz hamımız bilirik söhbət nədən gedir. Bəziləri üçün bu addımlar çox baha başa gəldi, bu, ölkələrdə daxili qarşıdurmaya, böyük etirazlara gətirib çıxardı. O ölkələrin cəmiyyətləri parçalandı. Nəyə görə onlar bu addımı atdılar? Onlara söz verildi ki, sizin gələcəyiniz var, siz bunu, bunu, bunu etsəniz biz sizi qəbul edəcəyik. Amma indi Avropanın aparıcı ölkələrinin liderləri deyirlər ki, artıq heç kimi qəbul etməyəcəyik. Hesab edirəm ki, hətta uzunmüddətli perspektivdə Avropa ölkələri üçün belə imkan yoxdur.

Digər misal bizim qardaş Türkiyə ilə bağlıdır. Görün nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə də onilliklər bundan əvvəl. Amma ondan sonrakı addımlar nəticə veribmi? Əlbəttə ki, yox və bu da böyük ədalətsizlikdir. 2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist bloka aid bir çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox. Əgər belədirsə, onda biz öz işimizi bəri başdan elə tutmalıyıq ki, reallaşdırıla bilməyən vədləri verməyək və lazım olmayan addımları da atmayaq. Bu, birincisi.

İkincisi, lap tutaq ki, sabah bizə dedilər, bax, Azərbaycan belə ölkədir ki, biz Azərbaycanı filan tarixdə qəbul edəcəyik. Bu, bizə lazımdırmı? Avropada gedən proseslərə hər bir vətəndaş nəzər yetirəndə görür ki, hansı hadisələr baş verir, o cümlədən dini zəmində, milli-mənəvi dəyərlər zəminində. Bu proseslər bizə uyğundurmu? Əlbəttə ki, yox və bunu açıq deməliyik. Ona görə bəzi hallarda Avropa İttifaqının bayraqları ilə küçələrə çıxmaq istəyən dırnaqarası müxalifət nümayəndələri bilməlidirlər ki, onlar nə istəyirlər? İstəyirlər ki, Azərbaycanın taleyi Brüsseldəmi həll olunsun? İstəyirlər ki, bizim əsrlərboyu qoruduğumuz dəyərlər məhv olsun? Biz bu dəyərləri əsrlərboyu qorumuşuq, hətta müstəqil olmayan dövrdə. Başqa ölkələrin, imperiyaların tərkib hissəsi olan dövrdə dilimizi də, dinimizi də, dəyərlərimizi də, ənənələrimizi də, həyat tərzimizi də qorumuşuq. İndi belə olan halda müstəqillik dövründə biz özümüz öz taleyimizi kiməsə əmanət edə bilərik? Qətiyyən yox və qətiyyən biz buna gedə bilmərik. Bizim öz tariximiz, öz mədəniyyətimiz, öz dəyərlərimiz var. Ona görə onlar bizə təklif versə belə, buna qətiyyən getmək olmaz.

İndi Avropada miqrantlarla bağlı vəziyyət göz önündədir. Bunu bəziləri demək istəmir, amma mən hesab edirəm ki, biz deməliyik. Niyə biz bu həqiqəti deməməliyik, niyə bunun üstündən keçməliyik? “Stop İslam”, “İslam miqrantlara yox” şüarları ilə artıq siyasi qüvvələr hakimiyyətə gəlir. Populist vədlər indi islamofob prinsiplər əsasında qurulur. Ona görə daha çox səs toplamaq istəyən siyasi qüvvə mütləq bu mövzunu istismar edir. Belə olan halda, müsəlman ölkəsi Azərbaycan hansı formada orada təmsil oluna bilər? İkinci dərəcəli ölkə kimi? Yaxud da ki, hansısa bir imtiyaz diləyən ölkə kimi? Qətiyyən yox! Biz qürurlu ölkəyik, biz öz yolumuzla gedirik, heç kimə də bizim ehtiyacımız yoxdur, heç kimdən də asılı deyilik!

Ona görə Bakı Dövlət Universitetində Avropa inteqrasiyası ilə bağlı dediyim fikirləri bu gün mən daha geniş formada ictimaiyyətə çatdırıram, hesab edirəm ki, yeganə düzgün yoldur. Biz indi Avropa qurumlarının bəzilərinin üzvüyük, mən bunu qeyd etdim. Avropa İttifaqı ilə əməkdaşlıq zəminində əlaqələr qururuq və gələcəkdə də həm ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bu əsaslar üzərində öz işimizi qurmalıyıq.

-Cənab Prezident, mənim növbəti sualım xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. Münaqişənin həlli ilə bağlı danışıqlar prosesi nə yerdədir?

-Bilirsiniz, deyə bilərəm ki, 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il olubdur. Bunun da yeganə səbəbi odur ki, Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər. Məhz buna görə 2019-cu ildə, deyə bilərəm ki, danışıqlar trekində hər hansı bir ciddi irəliləyiş əldə olunmayıb.

Eyni zamanda, Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini təkzib edən bəyanatları da əlbəttə ki, həm təəccüb, həm də təəssüf doğurur. Biz hamımız yaxşı xatırlayırıq ki, Ermənistanın yeni rəhbərliyi ilkin mərhələdə ortalığa belə bir məsələ atmışdı ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır, Dağlıq Qarabağ “müstəqil dövlətdir” və Ermənistan bu dırnaqarası müstəqil dövlətin işlərinə qarışa bilmir. Bunların hamısı cəfəng fikirlərdir. Çünki bu gün Dağlıq Qarabağda yerləşən hərbi birləşmənin 90 faizi Ermənistan vətəndaşlarından təşkil edilir. Hər il Ermənistan büdcəsindən Dağlıq Qarabağ büdcəsinə böyük vəsait transfert edilir. Ona görə buna müstəqil dövlət demək tam yalandır. Sadəcə olaraq, danışıqları uzatmaq, yaxud da ki, öz məsuliyyətini boynundan atmaq üçün belə ifadələr işlədilir.

Biz qətiyyən bu ifadələrlə razı ola bilmərik. Öz fikirlərimizi bildirmişik və eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri də oxşar bəyanatlar vermişlər. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı. Hesab edirəm ki, bu, bizim diplomatik nailiyyətimizdir. Yəni, Ermənistan rəhbərliyinin cəhdləri və təklifləri qəbul edilmədi. Bunu təsdiqləyən həm də o amildir ki, mənim Ermənistanın baş naziri ilə görüşlərim olubdur. Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri görüşürlər, danışıqlar aparırlar. Sonuncu görüş bu ayın əvvəlində olmuşdur.

Digər tərəfdən, Azərbaycan dırnaqarası Dağlıq Qarabağ respublikası ilə danışıqlar aparmalıdır fikri baş tutmayandan sonra növbəti bir cəfəng tezis ortalığa atıldı, bunu indi hər kəs eşidib, – Ermənistanın baş naziri dedi ki, Qarabağ Ermənistandır və nöqtə. Yəni, bu, əvvəlki tezisi tam təkzib edir və bu, növbəti yalandır. Çünki Qarabağ nə müstəqil ölkədir, – bunu heç kim tanımır, heç bir ölkə tanımır, – və bayaq qeyd etdiyim məsələlər – böyük beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar və yekun bəyannamələr onu göstərir ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Qarabağ Ermənistan deyil və bunu sübut etmək üçün heç səy göstərmək də lazım deyil.

Ona görə birinci dəfə də, ikinci dəfə də yalan söylənildi. Amma həqiqət ondan ibarətdir ki, – mən bunu canlı efirdə demişəm, – Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bizim danışıqlar prosesində mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Tarixi həqiqət bizim tərəfimizdədir. Biz bunu dünyaya sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb. Biz hamımız yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir, onlar çar Rusiyası tərəfindən XIX əsrdə Rusiya-İran müharibəsindən sonra bizim bölgəmizə köçürülüblər. Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə xristian əhalinin sayını çoxaltmaq üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə ermənilər Dağlıq Qarabağa köçürülmüşlər. Bunu təsdiqləyən çoxsaylı tarixi sənədlər, faktlar var. Bu, o qədər də uzaq tarix deyil. Yəni, ermənilər bizim tarixi torpaqlarımıza köçürülmüşlər, ona görə ki, burada xristian əhali çoxalmalı idi. Ona görə bu, bizim tarixi torpağımızdır və bunu indi bütün dünya bilir. Bu, birincisi.

İkincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, – Ermənistan həmişə buna istinad edir, – bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik.

Ona görə bizim prinsipial mövqeyimiz bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bundan əlavə, beynəlxalq təşkilatların qərar və qətnamələri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının oxşar qərar və qətnamələri var. Qeyd etdiyim kimi, keçən il Avropa İttifaqı bizimlə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən sənəd imzalayıbdır.

-Cənab Prezident, elə mövzunun davamı olaraq bir mühüm məqama da toxunmaq istərdik. Siz müxtəlif beynəlxalq tribunalardan, önəmli tədbirlərdən Ermənistanın işğalçılıq mahiyyətini, terrorçu dövlət olduğunu və eləcə də terrorçu Njdenin əsl simasını konkret faktlarla, özü də əcnəbi mənbələrdən gətirdiyiniz sitatlarla ifşa etdiniz. Belə halı biz, eyni zamanda, bu il MDB Dövlət Başçılarının Aşqabadda keçirilən Zirvə Görüşündə izlədik. Siz bu faktları həmin tədbirdə iştirak edən liderlərin və dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdınız. Paşinyan o faktların qarşısında nə dərəcədə məzlum və aciz göründü, biz bunun şahidi olduq. Ona görə biz Sizə minnətdarıq. Amma əfsuslar olsun ki, bu gün də Ermənistanın işğalçılıq siyasətini və terrorçu mahiyyətini dəstəkləyən Paşinyan kimi bəzi adamlar var. Sizcə nəyə görə?

– Bilirsiniz, bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyəti məsələni bir müddət öncə qaldırmışdı və Azərbaycanın ictimaiyyəti, o cümlədən veteranlar MDB dövlət başçılarının ünvanına Ermənistanda faşist Njdeyə abidənin ucaldılması ilə bağlı məktublar göndərmişdilər. Eyni zamanda, MDB ölkələrinin parlamentlərinə də oxşar məktublar getmişdi ki, bu gün MDB məkanında İkinci Dünya müharibəsi ilə bağlı prinsip etibarilə yekdil fikir var. Rəsmi bəyanatlarda müharibənin tarixi nəticələri və Sovet İttifaqının Qələbənin əldə edilməsində əsas rolu haqqında fikir ayrılığı yoxdur. Eyni zamanda, faşistlərin qəhrəmanlaşdırılması ilə bağlı fikirlər də üst-üstə düşür. Belə olan halda, necə ola bilər ki, İrəvanda, şəhərin mərkəzində faşist cəlladı Njdeyə altı metrlik abidə ucaldılır və bu abidənin açılışında Ermənistanın prezidenti və bütün rəhbərlik iştirak edir. Bu, nə deməkdir?!

Ona görə bu məsələ bizim gündəliyimizdə yeni deyil. Sadəcə olaraq, MDB Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri də Qələbənin 75 illiyinə hazırlıq idi. Mən bu məsələni açıq və arqumentlərlə dilə gətirdim, tarixi sənədlərə istinad etməklə Njdenin faşist və cəllad sifətini ifşa etdim. Njdenin cinayətləri təkcə İkinci Dünya müharibəsi illərində törətdiyi cinayətlərlə məhdudlaşmır. O, dinc Azərbaycan əhalisinə qarşı qəddarlıq, soyqırımı törətmişdir, minlərlə günahsız azərbaycanlını qətlə yetirmişdir. Bütün bunlar tarixi faktlardır.

Əgər yadınızdadırsa, mən o çıxışda bildirdim ki, bunu Ermənistanın əvvəlki rəhbərliyi edib. Yəni, mən baş nazir Paşinyana bir növ imkan verdim ki, o, bu çirkin əməli öz boynuna almasın. Çünki onun bu abidənin ucaldılmasında iştirakı olmayıb. Ancaq əfsuslar olsun ki, düzgün yanaşma göstərməkdənsə, o, çox qeyri-adekvat bəyanatlarla Njdeyə bəraət qazandırmağa çalışdı. Arqumentlərin biri də o olmuşdur ki, – çünki mən dedim ki, o, “СМЕРШ” tərəfindən həbs olundu, “СМЕРШ” də abreviaturadır, “Смерть Шпионам” – “Casuslara ölüm”, – və 25 il müddətə məhkum edildi, öz həyatını Vladimir həbsxanasında bitirdi. Onun da arqumenti o oldu ki, Soljenitsın da sovet rejimi tərəfindən həbs olunmuşdur. Mən ondan sonra bir daha söz alıb dedim ki, cəlladı, faşisti Soljenitsın ilə eyniləşdirmək olmaz. Bu, qətiyyən qəbuledilməzdir.

Mən gözləyirdim ki, bundan sonra artıq sakit bir şəraitdə öz müşavirlərinin köməyi ilə Ermənistan bir çıxış yolu axtaracaq, hər hansı bir məqbul formada bunu təkzib edəcək. Amma biz bunun tam əksini gördük. Rusiyadan gəlmiş jurnalistlərlə görüşdə o, daha da uzağa getdi və dedi ki, nə olsun ki, Njde Hitlerlə görüşüb. Molotov da Hitlerlə görüşüb. Bilirsiniz, bunu şərh etmək üçün söz tapmıram. Çünki bu, o dərəcədə aşağı səviyyəli fərziyyədir ki, bunu şərh etmək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri idi. Molotov-Ribbentrop paktı 1939-cu ildə bağlanmışdı, ona görə ki, Sovet İttifaqı müharibəyə hazır deyildi və müharibənin mümkünlüyünü ertələmək üçün imzalanmışdır. Molotov Njde kimi Hitlerə qulluq etmirdi. Molotov Njde kimi faşist şüarları səsləndirmirdi. Njdenin məşhur şüarı o idi ki, “Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür”. Yəni, o, faşistdir və bunu İkinci Dünya müharibəsi zamanı demişdir. Ona görə əlbəttə ki, Ermənistan rəhbərliyinin belə cəfəng sözləri ciddi qəbul oluna bilməz.

Ancaq buna baxmayaraq, hesab edirəm ki, mənim Aşqabaddakı çıxışım burada həlledici rol oynamışdır, – bu cəllada Rusiyanın Armavir şəhərində qoyulmuş lövhə dağıdıldı, söküldü və məhv edildi. Bunu ermənilər özləri etdilər. Onları Armavir şəhər hakimiyyəti məcbur etdi. Əminəm ki, gün gələcək və ermənilər özləri İrəvanda bu faşistə ucaldılmış bu eybəcər abidəni özləri sökəcəklər.

-Cənab Prezident, istərdim ki, ölkədə iqtisadi sahədə görülən işlərlə bağlı da fikirlərinizi öyrənək. 2019-cu ildə Azərbaycanda iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində çox mühüm, ciddi addımlar atıldı. İlin iqtisadi yekunları barədə nə deyə bilərsiniz?

-Bəli, bu il iqtisadi sahədə nəticələr yaxşıdır. Bilirsiniz ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən sonra bizim milli valyutamız da devalvasiyaya uğramışdır və iqtisadi fəallıq aşağı düşmüşdü. Əlbəttə, bu, bizim üçün gözlənilməz idi. Təsəvvür edin, əgər sizin əsas gəlir mənbəyinizin dəyəri dörd dəfə ucuzlaşırsa, əlbəttə ki, bunun iqtisadiyyata çox mənfi təsiri ola bilər. Ancaq buna baxmayaraq, biz heç bir sosial layihəni ixtisar etmədik. Bütün sosial öhdəlikləri yerinə yetirdik. İqtisadi sahədə əlbəttə ki, biz çox ciddi addımlar atmağa məcbur olduq. Ancaq hesab edirəm ki, sabitləşmədən sonra ilkin inkişaf təzahürləri özünü keçən il büruzə verdi. Bu il isə artıq inkişaf daha genişmiqyaslıdır və bütün iqtisadi parametrlər bunu göstərir. Ümumi iqtisadi artım 2 faizdən çoxdur və bəlkə də bu, o qədər də böyük rəqəm deyil. Amma bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər aşağı düşüb. Bizim ümumi daxili məhsulumuzda neftin həcmi önəmli rol oynayır. Ancaq qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Hesab edirəm ki, bu, pis nəticə deyil, daha da artıq olmalıdır və olacaqdır.

Sevindirici hal odur ki, qeyri-neft sənaye sahəsində artım təxminən 14 faizdir. Bu, onu göstərir ki, qeyri-neft sənayesinin inkişafı ilə bağlı bizim planlarımız artıq real rəqəmlərlə ölçülür. Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyuldu, böyük islahatlar paketi icra edilir və burada da 7 faizdən çox artım vardır.

Digər iqtisadi göstəricilər də müsbətdir. İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Xarici ticarət dövriyyəsi artdı. Qeyri-neft ixracımız təqribən 14-15 faiz artıbdır, baxmayaraq ki, daxili istehlak da artır. Bizim qeyri-neft ixracımızın daha böyük rəqəmlərlə artmamasının səbəbi odur ki, əhali artır, daxili istehlak artır və beləliklə, ixrac üçün təklif olunan malların həcmi o qədər də artmır. Amma buna baxmayaraq, qeyri-neft ixracı 14 faiz artıbdır.

Xarici borcumuz aşağı düşüb, ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir. Gələn ilin büdcəsi artıq təsdiq edilib və burada da xarici borca xidmət edən vəsait nəzərdə tutulub. Beləliklə, ən azı gələn ilin sonunda xarici dövlət borcu 16 faiz olacaqdır. Mən hökumət qarşısında vəzifə qoydum ki, biz qısa müddət ərzində xarici borcu təqribən daxili məhsulun 10-12 faizinə endirək və bu, tamamilə mümkündür. Bir amili də bildirməliyəm, bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfə artıqdır. Bu, deyə bilərəm ki, dünya təcrübəsində nadir nəticədir. Adambaşına düşən valyuta ehtiyatlarımızın həcminə görə biz MDB-də birinci yerdəyik. Bu il valyuta ehtiyatlarımız 4,5 milyard dollar artdı. Bu, onu göstərir ki, biz gəlirləri çox böyük qənaətlə xərcləyirik – ancaq sosial layihələrə və strateji əhəmiyyət daşıyan layihələrə.

Bütövlükdə isə ilin sonuna qədər Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıbdır. Bu da rekord göstəricidir. Bu, əlbəttə ki, həm iqtisadi sahədə çox böyük nailiyyətdir, eyni zamanda, bu, bizim iqtisadi müstəqilliyimizi tam təmin edir. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir. Biz indi kreditlərdən asılı deyilik. Düzdür, bizə kredit vermək istəyənlərin sayı artır. Aparıcı beynəlxalq maliyyə qurumları bizə bir çox təkliflər təqdim edirlər. Ancaq mənim fikrim ondan ibarətdir ki, biz ancaq texnoloji tərəfdən önəmli layihələrə kredit götürə bilərik. Hansısa yolun çəkilişinə, yaxud da ki, hansısa inşaat işinə biz nə üçün xaricdən kredit alaq. Bizim öz vəsaitimiz var. Ancaq texnologiya ixracı ilə bağlı olan kreditlər bizim üçün maraq doğura bilər.

Ona görə bütövlükdə iqtisadi sahədə 2019-cu il uğurlu olubdur və onu da bildirməliyəm ki, aparılan islahatlar, o cümlədən şəffaflıq sahəsində aparılan islahatlar bizə əlavə gəlir gətirdi. Beləliklə, vergi və gömrük orqanları bu il plandan əlavə xəzinəyə 1 milyard manat vəsait köçürdülər. Yəni, sırf şəffaflıq, dürüstlük, düzgün hesabatın aparılması və bu sahədə, inzibatçılıq sahəsində aparılan islahatlar sayəsində biz bir milyard əlavə vəsait əldə etdik. Bu vəsaiti biz əlbəttə ki, sosial layihələrə yönəltdik.

– Cənab Prezident, Siz iqtisadi göstəricilərdən danışdınız. İstərdik ki, bir qədər də sosial sahəyə toxunaq. 2019-cu ildə sosial sahədə çox ciddi addımlar atıldı və əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirildi. Bəs bu istiqamətdə 2019-cu ili necə qiymətləndirirsiniz?

– Mən bunu da yüksək qiymətləndirirəm. Mən qeyd etdim, hətta böhranlı illərdə biz sosial sahəyə nəzərdə tutulan vəsaiti azaltmamışıq. Çünki mən həmişə demişəm ki, iqtisadi islahatlar sosial müdafiə ilə bərabər aparılmalıdır. Bu, siyasətimizin əsas qollarıdır. Çünki bir çox hallarda, – biz bunu tarixdən də bilirik, bəzi ölkələrin təcrübəsindən də, – çox ciddi iqtisadi islahatlar sosial problemlər yaradır və biz buna qətiyyən yol verə bilmərik. Çünki bizim bütün işimizin məqsədində Azərbaycan vətəndaşının maraqları dayanır və ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır. Bunun üçün həm sosial infrastrukturla bağlı olan layihələr icra edilməlidir, eyni zamanda, vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır. Ona görə hesab edirəm ki, bu il biz bu sahədə çox ciddi addımlar atdıq. Birinci növbədə, problemli kreditlər məsələsi öz həllini tapdı. Bu məsələ daim diqqət mərkəzində idi və biz yaxşı anlayırdıq ki, devalvasiyaya görə çətin vəziyyətə düşən vətəndaşlara kömək etməliyik. Ancaq məsələ onda idi ki, nə vaxt. Mən hesab edirdim ki, o vaxt ki, bizim buna imkanımız çatsın və bu imkan təmin olunduqca biz bunu etdik. Onu da bilirsiniz ki, devalvasiyaya uğrayan təkcə Azərbaycan olmayıb. Bir neçə postsovet ölkəsində oxşar hallar baş verib, o cümlədən ixracı daha çox enerji resursları olan ölkələrdə. Ancaq problemli kreditlərin həll edilməsi bizdəki kimi heç yerdə olmayıbdır. Biz vətəndaşlar üçün ən məqbul variantı seçdik və bunu həll etdik.

Ondan sonra maaşların artırılması, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin, yəni, bütün sosial sahədə olan məsələlər kompleks şəkildə öz həllini tapdı. Müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Amma o demək deyil ki, bu, bizi qane edir, yox. Biz istəyirik daha da artsın və əminəm ki, artacaq. Sadəcə olaraq, buna nail olmaq üçün gərək iqtisadi sahədə daha da böyük artım olsun. Çünki biz ayağımızı yorğanımıza görə uzadırıq. Biz heç yerdən dəstək almırıq, buna ehtiyac da görmürük. Ona görə öz büdcəmizi elə planlaşdırmalıyıq ki, ölkə qarşısında duran vəzifələr icra edilsin, qeyri-neft iqtisadiyyatının inkişafını şərtləndirən layihələr icra edilsin və əldə edilmiş gəlirlər hesabına biz sosial layihələri həll edək. Ona görə ildən-ilə bizim valyuta ehtiyatlarımız artır. Hətta ən böhranlı 2015-ci, 2016-cı illərdə bizim gəlirlərimiz kəskin aşağı düşmüşdü, biz yenə də böyük qənaət paketi təqdim etdik və imkan vermədik ki, valyuta ehtiyatlarımız azalsın. Çünki bu, həm manatın məzənnəsinə müsbət təsir göstərir, eyni zamanda, bizim əsas ehtiyatımızdır.

Ona görə gələcək sosial layihələrin həyata keçirilməsi sırf iqtisadi inkişafla bağlıdır və iqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək. Əminəm ki, gələn il bu istiqamətdə də önəmli il olacaq. Onu da bildirməliyəm ki, biz məcburi köçkünlər üçün, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim etmişik. Təkcə məcburi köçkünlər üçün bu il 5 mindən çox ev və mənzil inşa edildi. Təsəvvür edin, orta hesabla indi ailədə 4-5 nəfər olur, yəni, biz bir şəhər boyda layihə icra etdik. Təqribən 25-30 min nəfər bundan bəhrələnir, 800-ə yaxın şəhid ailəsi, müharibə əlili evlərlə təmin edilir. Heç bir ölkədə bu, yoxdur. İndi müharibədən çıxmış bir çox ölkələr var. Hansı ölkədə müharibədə həlak olmuş şəhidlərin ailələrinə dövlət tərəfindən evlər verilir, mənzillər verilir? Özü də bir yox, iki yox, artıq 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verildi. Minlərlə, təqribən 6 mindən çox müharibə əlilinə maşınlar verildi. Yəni, bu, bizim siyasətimizdir, biz heç kimdən bunu götürüb tətbiq etmirik. Biz bu təşəbbüsləri özümüz göstəririk. Çünki mən hesab edirəm ki, bu, ədalətlidir və ədalət hər yerdə olmalıdır, o cümlədən sosial ədalət. Ona görə hesab edirəm ki, sosial sahədə bu il yaddaqalan olub və gələn il imkan daxilində bu müsbət meyillər davam etdiriləcəkdir.

– Cənab Prezident, enerji sahəsində bu il çox mühüm və əlamətdar hadisələrlə zəngin olub. Strateji TANAP layihəsinin reallaşmasını, başa çatmasını, Cənub Qaz Dəhlizinin reallaşmasının əhəmiyyətini Siz necə səciyyələndirərdiniz?

-TANAP layihəsinin istismara verilməsi, əlbəttə ki, böyük hadisədir, tarixi hadisədir. Demək olar ki, Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən bu layihə uğurla başa çatdırıldı və əvvəlcədən nəzərdə tutulmuş daha aşağı qiymətlə. Yəni, bu layihəyə bəri başdan daha böyük vəsait nəzərdə tutulurdu. Ancaq inşaat zamanı böyük qənaətlə bu layihə icra edildi və artıq Azərbaycan qazı Avropa İttifaqının sərhədinə gətirilib çıxarıldı. Ona görə Türkiyə-Yunanıstan sərhədində bu ilin noyabrında keçirilmiş mərasim xüsusi əhəmiyyət daşıyırdı.

TANAP layihəsi bizim strateji aktivimizdir. Bu layihənin icra edilməsi üçün biz böyük səylər göstərmişik. Çünki biz hamımız yaxşı xatırlayırıq ki, Azərbaycan qazını daha böyük həcmdə Avropa qitəsinə nəql etmək üçün bir neçə layihə irəli sürülmüşdü. Onlardan biri “Nabukko” idi, başqa layihələr də var idi. Bu layihələr ətrafında çoxsaylı müzakirələr aparılırdı, konfranslar təşkil edilirdi. Faktiki olaraq, biz bir neçə il vaxt itirdik. Çünki bu layihənin əsas amili yox idi: bunun pulunu kim verəcək? Ölkələr arasındakı koordinasiyanı kim aparacaq? İlkin mərhələdə Avropa İttifaqı bu missiyanı öz üzərinə götürmüşdü və ölkələr arasında koordinasiyanı aparmağa çalışırdı. Dediyim bu simpoziumlar, konfranslar, təqdimatlar bu məqsədi daşıyırdı. Ancaq biz də iştirak edirdik və şəxsən mən dəfələrlə iştirak etmişəm. Hər dəfə görürdüm ki, burada konkret məsələlərdən söhbət getmir. Yaxşı şüarlar səsləndirilir, yaxşı təqdimatlar edilir. Ancaq bunu necə edək, kim edəcək, kim öz üzərinə götürəcək, bu məsələ açıq olaraq qalırdı. Biz bu məsələyə toxunanda bizə çox mücərrəd cavablar verilirdi, başa düşə bilmirdik ki, bu, nə məsələdir. Ona görə, biz görəndə ki, bu məsələ artıq öz həllini tapmır, “Şahdəniz-2” layihəsinə sanksiya vermək üçün isə mütləq bu məsələ öz həllini tapmalı idi. Çünki əks-təqdirdə kim bu qədər vəsaiti qazma işlərinə istiqamətləndirəcək ki, əgər bunun bazarı yoxdur. Qaz bazarında sən əvvəlcədən gərək kontrakt bağlayasan, ondan sonra qazma işləri aparasan. Bu, neft deyil ki, istənilən yerə satmaq olar. Bu, bazara bağlı olan məhsuldur. Ona görə biz görəndə ki, bu məsələ yerində sayır, o vaxt təşəbbüs irəli sürdük və Türkiyə tərəfinə bunu təqdim etdik. Təklif etdik ki, bu layihənin adı TANAP olsun – Trans-Anadolu kəməri. Türkiyə tərəfindən müsbət reaksiya verildi. Beləliklə, 2012-ci ildə mən və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda bu tarixi anlaşmanı imzaladıq. Ondan təqribən bir il sonra “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsinin işlənilməsinə sanksiya verdi. Yəni, bu, bir-biri ilə sıx bağlı olan məsələlər idi. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2” də havada qalacaqdı və bu gün biz bu layihəni icra edə bilməzdik. Məhz buna görə TANAP-ın çox böyük əhəmiyyəti var. Çünki bu, imkan verdi ki, “Şahdəniz” qaz-kondensat yatağı tammiqyaslı işlənilsin və beləliklə, orada bir trilyon kubmetrdən çox olan təbii qaz hasil edilsin, nəql edilsin. İkinci məsələ, bu, nə üçün bizə lazımdır? Əgər TANAP imzalanmasaydı, bu gün artıq hasilata hazırlaşan “Abşeron” yatağı da qalacaqdı. Heç kim oraya vəsait qoymayacaqdı. “Abşeron” yatağından da biz ən azı 300 milyard kubmetr qaz hasilatı gözləyirik. Xarici investor da oraya əsas vəsaiti qoyur. Əgər qaz kəməri olmasaydı, kim buna vəsait qoyardı? Bizim digər yataqlardan təbii qaz çıxır, o cümlədən səmt qazı. İndi səmt qazını da biz qəbul edirik. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlandırılan böyük qaz ehtiyatı var. Biz onun da istismarına yaxınlaşırıq. Ona görə TANAP burada xüsusi rol oynayıb. Bu, sadəcə olaraq, bir kəmər deyil ki, Türkiyə ərazisindən keçir. Bu, həm Türkiyəni təmin edəcək və artıq edir, Gürcüstanı, Avropanı da. Eyni zamanda, imkan verəcək ki, biz bütün qaz ehtiyatlarımızı işə salaq, xarici investorları cəlb edək, yenə də milyardlarla dollar vəsait qoyulacaq. Beləliklə, Azərbaycan gələcəkdə qazın ixracından vəsait qazanacaq. Çünki bizim neft yataqlarımız artıq bəllidir. Düzdür, indi xarici şirkətlərlə yeni layihələr işlənilir. Əminəm ki, onlar da imzalanacaq. Artıq imzalanmış layihələrdən də yaxşı nəticələr gözləyirik. Ancaq uzunmüddətli perspektivdə bizim əsas gəlir mənbəyimiz təbii qaz olacaqdır. Ona görə TANAP-ın çox böyük əhəmiyyəti var.

Eyni zamanda, TANAP Avropa qaz kəmərinin – “Trans-Adriatik”, yəni, TAP adlandırılan kəmərin inşasına da imkan yaratdı. Bu layihənin icra səviyyəsi artıq 90 faizi ötübdür.

Onu da bildirməliyəm ki, bütün bu layihələrin təşəbbüskarı Azərbaycan olubdur. Cənub Qaz Dəhlizinin təşəbbüskarı və əsas təşkilatçısı Azərbaycan olubdur. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri, TANAP və TAP. Onların hər birində Azərbaycan iştirak edir. TANAP-da 58 faiz payla biz layihənin əsas səhmdarıyıq. TAP-da bizim 20 faiz payımız var və digər layihələrdə də. Ona görə bunun çox böyük tarixi əhəmiyyəti vardır. Əminəm ki, Cənub Qaz Dəhlizi, hansı ki, biz keçən il rəsmi açılışını etdik, gələn il tam işə düşəcək.

– Cənab Prezident, enerji layihələri ilə bağlı fikirlərinizi eşitdik. Mənim növbəti sualım isə nəqliyyat sektoru ilə bağlı olacaq. Məlum məsələdir ki, Azərbaycan bu sahədə də çox böyük nailiyyətlər, uğurlar əldə edib. 2019-cu ildə bu istiqamətdə regional əməkdaşlıqla bağlı görülən işləri necə qiymətləndirirsiniz?

– Mən müsbət qiymətləndirirəm. Hesab edirəm ki, 2019-cu ildə biz artıq mövcud olan nəqliyyat infrastrukturundan çox səmərəli şəkildə istifadə etdik. Əvvəlki dövrlərdə yaradılmış nəqliyyat infrastrukturu imkan verdi ki, biz əməkdaşlığın miqyasını genişləndirək.

Nəqliyyat məsələlərinə gəldikdə, mən həmişə bu məsələləri iki yerə bölürdüm. Birinci, daxili nəqliyyat layihələri, ikinci isə beynəlxalq əməkdaşlıq tələb edən layihələr. Düzdür, bu layihələr bir-biri ilə sıx bağlıdır. Ancaq biz bütün addımlarımızı planlı şəkildə atmalı idik. Belə olan halda uğur da qazanılacaqdı, belə də oldu. Ona görə daxili nəqliyyat layihələrinin icrası bizə imkan verdi ki, biz ölkə daxilində çox müasir nəqliyyat infrastrukturu yaradaq və buna nail olduq. Misal üçün, baxmayaraq ki, ölkə ərazisi o qədər də böyük deyil, bizim yeddi beynəlxalq hava limanımız var və bunların hər biri işlək vəziyyətdədir. Onlardan altısı beynəlxalq uçuşlar da təşkil edir. Digər tərəfdən, bizim dəniz nəqliyyatımız sürətlə inkişaf etdi. Biz Xəzərdə ən böyük donanmaya malikik. Biz hazırda 2003-cü ildə istifadəyə verilmiş gəmiqayırma zavodunda bütün növ gəmiləri istehsal edə bilirik. Bu yaxınlarda tarixdə ilk dəfə olaraq Azərbaycanda bərə gəmisi istifadəyə verildi. Onun adı “Azərbaycan”dır. “Laçın” adlı neft tankerinin də inşası tamamlandı və istifadəyə verildi. Növbəti illərdə Bakının gəmiqayırma zavodunda başqa gəmilər də inşa ediləcəkdir.

Hava nəqliyyatına gəldikdə, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında göstərilir ki, hava nəqliyyatının səmərəliliyinə görə, Azərbaycan dünyada 12-ci yerdədir. Yük daşımaq üçün imkanlar var. Azərbaycan indi tranzit hab kimi öz hava məkanından istifadə edir.

Eyni zamanda, ölkə daxilində dəmir yolu infrastrukturu yenilənib. Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun iki il əvvəl istismara verilməsi böyük dəyişikliklərə gətirib çıxardı. Dəmir yollarının səmərəliliyinə görə, – yenə də Davos Forumuna qayıdıram, – Azərbaycan 11-ci yerdədir. Yəni, bu, çox yüksək göstəricidir. Eyni zamanda, son 16 ildə 16 min kilometr avtomobil yolu inşa edilib – həm magistral, həm şəhərlərarası, kənd yolları. Bu göstəriciyə görə, yolların keyfiyyətinə görə, biz dünyada 27-ci yerdəyik. Bütövlükdə, nəqliyyat infrastrukturunun səviyyəsinə görə, Azərbaycan dünyada 34-cü yerdədir və bu, çox yüksək göstəricidir. Ona görə, nəqliyyatın bütün seqmentləri Azərbaycanda tam müasir standartlara cavab verir. Eyni zamanda, keçən il istifadəyə verilmiş Ələt Dəniz Ticarət Limanı da çox böyük infrastruktur obyektidir. Bu limanın yükaşırma qabiliyyəti hazırda 15 milyon tondur və bunun həcmi 25 milyon tona qədər rahatlıqla artırıla bilər. Beləliklə, bu strateji infrastruktur layihəsi bizə imkan verir ki, Azərbaycan üzərindən yük daşımalarının həcmi artsın.

Bütün bu layihələrin arasında Bakı-Tbilisi-Qars dəmir yolunu mən xüsusilə vurğulamaq istəyirəm. Çünki bu, bir neçə səbəbə görə doğrudan da strateji obyektdir, strateji infrastrukturdur. Birincisi, bizim Türkiyə ilə dəmir yolu bağlantımız olmayıb. Beləliklə, bizim ixracımız, yaxud da ki, Azərbaycan üzərindən təşkil edilən ixracın son nöqtəsi Qara dəniz limanları idi. Orada da gərək yüklər yenə də aşırılardı, daşınardı – yenə də vaxt itkisi, yenə də vəsait itkisi. Limanların da imkanları məhduddur və bir çox hallarda hava şəraitindən asılıdır. İlk növbədə, Novorossiysk limanı. Orada bəlkə də il ərzində günlərin təqribən 20 faizində hava şəraiti imkan vermir ki, yüklər daşınsın. Ona görə bu, birinci məsələ idi. İkinci məsələ ondan ibarət idi ki, biz çox yaxşı başa düşürdük, əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilərsə, onda biz nəinki Şərq istiqamətindən, hətta Cənub və Şimal istiqamətindən də bu yola yükləri cəlb edə bilərik və buna nail olduq. Ona görə bu, strateji obyekt idi bizim üçün. Mən Prezident kimi fəaliyyətimə başlayanda dərhal bu məsələ ilə məşğul olmağa başladım və araşdırma apardım ki, biz bunu necə icra edək. O vaxt bizim pulumuz yox idi. Beynəlxalq maliyyə qurumları bu layihəyə maraq göstərmirdilər. Biz bəzi ölkələrə müraciət etmişdik. O müraciətə də cavab verilmədi. Ona görə biz gördük ki, bunu özümüz etməliyik və əlbəttə, qonşu ölkələrlə birlikdə. İlk növbədə, Türkiyə tərəfi ilə danışıqlar apardıq və razılığa gəldik. Ondan sonra Gürcüstanla danışıqlar başlanıldı. Bunun böyük hissəsi Gürcüstan üzərindən keçən dəmir yoludur. Gürcüstanın da imkanı yox idi. Ona görə biz bu məsələni öz üzərimizə götürdük və Gürcüstanla kredit anlaşması imzalandı. Bu kredit anlaşmasına görə, təqribən 800 milyon dollara yaxın vəsait nəzərdə tutulurdu, o şərtlə ki, inşaatı Azərbaycan şirkətləri aparsınlar. Yəni, bu vəsaitdən biz özümüz istifadə edəcəyik, eyni zamanda, kredit də ondan sonra qaytarılacaqdır.

Bütün bu məsələləri təşkil edəndən sonra gördük ki, biz indi bəzi beynəlxalq təzyiqlə üzləşirik. Bu, bir qədər gözlənilməz idi. Çünki biz yaxşı bilirdik və xəritəyə baxanda hər kəs görür ki, bu yol çox lazımdır. Ancaq bəzi Qərb ölkələri buna etiraz etdilər. Baxmayaraq ki, biz indi onlardan kredit də almaq fikrində deyildik. Ancaq Gürcüstana təzyiqlər başlanıldı ki, Gürcüstan razılıq verməsin bu layihəyə. Çünki bu layihə həyata keçirilərsə, Ermənistan nəqliyyat dalanında qalacaqdır. Dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi, diaspor və ermənipərəst siyasətçilər bu layihənin əleyhinə açıq şəkildə çıxdılar. Əgər Gürcüstan buna razılıq verməsəydi, əlbəttə ki, bu layihə həyata keçirilə bilməzdi. Biz Gürcüstan rəhbərliyini inandıra bildik ki, bu layihə onlar üçün də xeyirlidir. Həm minlərlə iş yerləri yaradılacaq, Gürcüstana yaxşı şərtlərlə təqribən 800 milyon dollar dəyərində kredit veriləcək və Gürcüstan üzərindən yükdaşımalarının həcmi kəskin artacaq. Razılığa gələndən sonra, eyni zamanda, mən bəzi Qərb ölkələrinin rəhbərləri ilə açıq söhbət etdim və dedim ki, siz bizə mane olmayın. Kömək etmirsiniz, etməyin. Ancaq siz bizə mane olmayın. Çünki biz də bəzi məsələlərdə sizə mane ola bilərik. Hesab edirəm, bu sözlərdən sonra artıq orada da yəqin edildi ki, daha yaxşı olar ki, bu işə müdaxilə etməsinlər. Beləliklə, Tbilisidə Bakı-Tbilisi-Qars layihəsinin sənədləri imzalanmışdır. İnşaat 2 il bundan əvvəl başa çatdı və bu gün biz nəinki gözlədiyimiz yerlərdən, hətta yeni ünvanlardan da bu yol üzərində yükləri qəbul edirik və ötürürük.

Bu, əlbəttə ki, Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə yoludur və eyni zamanda, artıq Türkmənistandan da yüklər gəlir. Türkmənistana mənim səfərim zamanı ancaq nəqliyyat sektoruna aid səkkiz sənəd imzalanmışdır. Artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətləri birləşib. Əfqanıstanda Lapis-Lazuli layihəsi ilə biz Bakı-Tbilisi-Qarsı birləşdirə bildik. Beləliklə, yeni yüklər əldə edildi. Artıq Rusiyadan da Azərbaycan üzərindən Türkiyəyə yüklərin daşınması başlamışdır. Əminəm ki, bu yolla yüklərin həcmi daha da artacaq. Eyni zamanda, biz İrandan da Avropa istiqamətinə Azərbaycan üzərindən yükləri gözləyirik. Bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizində də Azərbaycan çox fəal iştirak edir. Biz öz ərazimizdə bu dəhlizlə bağlı bütün işləri başa vurmuşuq. Ona görə bütün bu addımların nəticəsində Azərbaycan – açıq dənizlərə çıxışı olmayan bir ölkə beynəlxalq, yəni Avrasiya nəqliyyat mərkəzlərinin birinə çevrilibdir. Əminəm ki, növbəti illərdə artıq icra edilmiş layihələrin və yeni layihələrin icrası nəticəsində Azərbaycan üzərindən yükdaşımalarının həcmi artacaq.

Bir məsələni də vurğulamaq istəyirəm. Əlbəttə ki, bu, bizə uzunmüddətli gəlirlər gətirəcək, özü də böyük həcmdə. Ancaq, eyni zamanda, bu, beynəlxalq əməkdaşlığı da möhkəmləndirir, ölkələr bir-biri ilə daha sıx bağlanır, qarşılıqlı asılılıq yaranır. Tranzit ölkə olmaq üçün sən mütləq qonşularla yaxşı münasibətlər qurmalısan. Çünki sən qonşularsız tranzit ölkəyə çevrilə bilməzsən. Bizim xarici siyasətlə bağlı dediyim sözlər bunu bir daha təsdiqləyir. Əgər qonşu ölkələrlə səmərəli qarşılıqlı faydalı münasibətlər qurulmasaydı, bu gün nə enerji, nə nəqliyyat layihələri icra edə bilməzdi.

– Cənab Prezident, icazənizlə bir qədər də dini-mənəvi dəyərlərin təbliği istiqamətində Azərbaycanın atdığı addımlara toxunaq. Çünki ölkəmiz siyasi, iqtisadi, hətta hərbi olmaqla yanaşı, eyni zamanda, dinlərarası dialoqun təşviqi baxımından çox mühüm platforma yaradıb. Elə bu il qeyd etdiyiniz kimi, Bakıda Dünya Dini Liderlərinin Zirvə toplantısı keçirildi və Siz həmin toplantıda çıxış etdiniz, mühüm məqamlara toxundunuz. Ümumiyyətlə, Azərbaycandan, konkret Bakıdan ünvanlanan həmin çağırışlar region və dünya ölkələri üçün nə verir? Bunun ən mühüm faydası nədir? İstərdik bu barədə Sizin fikirlərinizi eşidək.

– Tamamilə haqlısınız, Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır və bu siyasətin çox sadə səbəbləri vardır. İlk növbədə, bu siyasət və bu sahədə aparılan işlər, apardığımız siyasət daxili vəziyyətin sabitləşməsinə, sabit saxlanmasına xidmət göstərir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir. Bu, həqiqətən belədir. Bu, həm dövlət siyasətidir, həm də cəmiyyətdən gələn sifarişdir. Biz əsrlərboyu bu ab-havada yaşamışıq və Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri heç vaxt heç bir ayrı-seçkilik hiss etməmişlər, heç vaxt tarixdə dini-milli zəmində Azərbaycanda qarşıdurma, yaxud da hansısa bir anlaşılmazlıq olmamışdır. Ona görə biz bu siyasəti apararkən hesab etdik ki, əgər geniş beynəlxalq əməkdaşlıq bu istiqamətdə qurularsa, bu, həm bizim üçün daha yaxşı olacaq, həm də biz regionda mövcud olan vəziyyətə də müsbət təsir göstərəcəyik. Çünki biz adada yaşamırıq və bizim təhlükəsizliyimiz, sabitliyimiz əlbəttə ki, daxili amillərə söykənir. Ancaq hüdudlarımızdan kənarda yerləşən ölkələrdəki vəziyyət də bizim üçün çox əhəmiyyətlidir. Bu bir.

İkincisi biz hesab etdik ki, Azərbaycan bu missiyanı öz üzərinə götürə bilər – təkcə tarixi keçmişinə görə yox, eyni zamanda, bugünkü siyasətinə görə. Çünki bizim siyasətimiz əməkdaşlığa hesablanıbdır. Mən tam əminəm ki, yalnız əməkdaşlıq hesabına biz xarici məqsədlərə nail ola bilərik. Bəzi ölkələr var, görəndə ki, qonşunun vəziyyəti ağırdır, onu daha da ağırlaşdırmaq istəyir, nəsə qoparmaq istəyir. Bu, çox yanlış siyasətdir. Bəlkə də qısamüddətli xeyir gətirə bilər, ancaq o ölkələrin vətəndaşlarının yaddaşında bu, həmişə qalacaqdır ki, fürsət düşdü, məndən bu şeyi aldı, halbuki, almamalı idi. Bizim siyasətimiz ondan ibarətdir ki, əgər qonşu ölkə, yaxud da hansısa başqa ölkə dar gündədirsə və sənin kömək etmək imkanın varsa, sən kömək etməlisən. Bu, gələcəkdə sənə qayıdacaq, daha böyük dividendlər əldə edəcəksən. Ona görə bu amili nəzərə alaraq, biz bu təşəbbüslə çıxış etdik. Eyni zamanda, gördük ki, – bunu artıq 10 il bundan əvvəl görmüşük, – artıq dünyada tendensiyalar mənfi istiqamətə gedir. Hazırda bunu görməyən yoxdur. Hər kəs görür ki, dünyada, o cümlədən Avropada ayrı¬-seçkilik meyilləri güclənir. Ancaq biz bunun təzahürlərini təxminən 10 il bundan əvvəl görməyə başladıq və “Bakı Prosesi” adlandırılan layihəni, siyasi təşəbbüsü irəli sürdük. Bu haqda kifayət qədər danışılıb. Çox da geniş şərhə ehtiyac yoxdur. “Bakı Prosesi” bu gün BMT tərəfindən çox önəmli, bəlkə də ən vacib platforma kimi tanınır. Bu proses çərçivəsində əməkdaşlıq daha yeni pilləyə qalxdı. Deyə bilmərəm ki, bu proses bu sahədə hansısa bir dönüş yaratdı. Ancaq, eyni zamanda, bax, Bakıda keçirilmiş Dünya Dini Liderlərinin İkinci Zirvə Görüşü bir daha göstərdi ki, bunun böyük faydası var. Eyni zamanda, Bakıda ənənəvi olaraq Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansı Qlobal Forumu və “Bakı Prosesi” çərçivəsində aparılan işlər dini və milli zəmində olan ixtilafların azaldılmasına xidmət göstərir. Bu gün Azərbaycanın rolu artıq birmənalı şəkildə tanınır və təqdir edilir.

Deyə bilərəm ki, dünya miqyasında Azərbaycan qədər bu məsələyə diqqət yetirən və nəticə əldə edən ikinci ölkə tapmaq çətindir. Bunu təkcə mən demirəm, bunu Azərbaycanda milli-mənəvi dəyərlər, dinlərarası dialoq sahələrində əldə edilmiş uğurları tanınmış və aparıcı siyasi və dini liderlər qeyd edir. Misal üçün, İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi dəfələrlə Azərbaycanda müsəlman dininə olan hörmətə və müsəlman dininin dünyada sülh, mərhəmət dini kimi təqdim edilməsində gördüyümüz işlərə çox böyük qiymət vermişdir. Aparıcı müsəlman ölkələrinin rəhbərləri bunu açıq şəkildə ifadə etmişlər. Biz birinci ölkə və yeganə müsəlman ölkəsi olmuşuq ki, müsəlman tarixinə, mədəniyyətinə aid sərgini Vatikanda keçirdik. Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq. Təsadüfi deyil ki, müsəlman ölkələrinin rəhbərləri bu sahədəki fəaliyyətimizə yüksək qiymət verirlər.

Eyni zamanda, bu Zirvə Görüşündə iştirak etmiş Moskva və bütün Rusiyanın patriarxı Kirill öz çıxışında və rəsmi bəyanatlarda Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət vermişdir. Bakıda bir neçə il bundan əvvəl rəsmi səfərdə olmuş Roma Papası Fransisk də bu sahədə Azərbaycanda görülən işlərə yüksək qiymət vermişdir. Bunu deyən dini liderlərdir. Bunu deyən adamların arxasında milyardlarla insan var. Bütün bu liderlər bizim bu sahədəki fəaliyyətimizi qiymətləndirirlər. İkinci belə bir ölkə tapmaq mümkün deyil ki, bütün bu ənənəvi dinlərin rəhbərləri Azərbaycanda görülən işlərə eyni fikirlə yüksək qiymət versinlər. Əlbəttə ki, böyük nailiyyətimizdir.

Hesab edirəm ki, bizim yaratdığımız platforma bu gün yüksək səviyyədə qiymətləndirilir və buna ehtiyac var. Bütün bu forumlardan sonra mənim ikitərəfli görüşlər əsnasında yəqin etdiyim odur ki, bütün iştirakçılar çox böyük minnətdarlıqla bizə müraciət edərək deyirlər ki, nə yaxşı ki, siz bu işi öz üzərinizə götürmüsünüz. Ona görə, yenə də deyirəm, bu, ilk növbədə, bizim özümüzə lazımdır, regionumuza lazımdır, dünyaya lazımdır.

– Cənab Prezident, islahatlar məsələsinə toxunmaq istərdim. Azərbaycanda bütün sahələri əhatə edən islahatlar arasında kadr və struktur islahatları xüsusi mühüm bir yer tutur. Son zamanlar bu sahə Sizin diqqət mərkəzinizdə olan əsas məsələlərdən biridir. Ölkəmizin ümumi inkişafında kadr və struktur islahatlarının rolu barədə Siz nə düşünürsünüz?

– Əlbəttə, bu il bu sahədə görülmüş işlərlə yaddaqalan olub. Kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan islahatlardır. Bu, ümumi islahatlar siyasətinin təzahürüdür. İslahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçirilib. Keçənilki prezident seçkilərindən sonra mənim andiçmə mərasimimdəki çıxışımda islahatların yeni mərhələsi elan edildi və biz bu islahatları ardıcıl şəkildə reallaşdırmağa başladıq, o cümlədən kadr islahatları ilə bağlı olan məsələlər öz həllini tapdı. Yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənc, eyni zamanda, təcrübəli kadrlar təmsil olundular və biz onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladıq. Builki sosial-iqtisadi göstəricilərin artımı onu göstərir ki, Prezident tərəfindən verilən tapşırıqlar yerinə yetirilir.

Ona görə bu il də bu islahatlar davam etdirildi. Struktur islahatlarına gəldikdə, əlbəttə ki, Prezident Administrasiyasında çox ciddi struktur və kadr islahatları aparıldı, Nazirlər Kabineti yenidən formalaşdı. Həm vəzifələrə yeni simalar gətirildi, eyni zamanda, struktur dəyişikliyi edildi. Yerli icra orqanlarında kadr dəyişikliyi aparılır və aparılacaq. Bu proses davam etdiriləcək. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər. XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin. Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzi gətirirlər və mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Eyni zamanda, təqaüdə çıxmış, amma vaxtilə xidməti olmuş kadrları da biz böyük hörmətlə təqaüdə göndəririk. Bu da həm bizim milli ənənələrimizə uyğundur, eyni zamanda, mən hesab edirəm ki, hər bir insana onun gördüyü işlərə görə də qiymət verilməlidir, o cümlədən rəhbərlik tərəfindən. Ona görə hesab edirəm ki, ölkəmizdə bu proses çox hamar gedir.

Bütövlükdə deyə bilərəm ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir. Əgər son 16 ilin tarixinə geniş nəzər salsanız, görərsiniz ki, heç bir addım təsadüfi olmayıb. Hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır. Beləliklə, kadr islahatları zamanında aparılır. Bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı. Ona görə hesab edirəm ki, kadr islahatları, struktur islahatları zamanında aparılır. Ümumiyyətlə, işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır – müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk etmir, onlar əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək.

– Cənab Prezident, islahatlar məsələsinin davamı olaraq son günlərin ən çox müzakirə olunan məsələsi ilə bağlı sual ünvanlamaq istəyirəm Sizə? Bir neçə gün əvvəl bir sıra yüksəkvəzifəli məmur həbs edildi. Siz öz çıxışlarınızda daim məmurların təmiz, vicdanlı işləməsinin vacibliyini bildirirsiniz. Məmurlar tərəfindən törədilən hər hansı qanun pozuntularına qarşı ciddi mübarizə aparılacağını qeyd edirsiniz. Sizin bu istiqamətdə atdığınız qətiyyətli addımlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Bu addımları ölkədə aparılan genişmiqyaslı islahatların tərkib hissəsi hesab etmək olarmı?

-Təbiidir ki, bu, genişmiqyaslı islahatların tərkib hissəsidir. Son müddət ərzində mənim bəzi daxili görüşlərim ictimailəşdirildi və hesab edirəm ki, buna ehtiyac var. Onu da bildirməliyəm ki, mənim iş qrafikim çox gərgindir. Demək olar ki, iş qrafikimdə fasilə yoxdur. Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə də mən daim əlaqədəyəm. Bəlkə də Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş günüdür. Çünki hər gün məsələləri həll etmək lazımdır. Bir çox məsələlər çıxır ki, onlar operativlik tələb edir. Ona görə ictimaiyyətə təqdim olunan bəzi daxili görüşlər mənim iş qrafikimdə bəlkə də 5-10 faiz təşkil edir. Ancaq buna ehtiyac var. Həm də bu, ictimaiyyətə verilən bir növ hesabatdır, siyasətimizin əsas istiqamətlərinin dəqiqləşdirilməsidir. Eyni zamanda, kadrlar qarşısında qoyulan vəzifələrdir ki, ictimaiyyət də bunu bilsin. Misal üçün hansısa rayona icra başçısı təyin olunanda ona dediyim sözlər, verdiyim tövsiyələr təbii ki, rayon ictimaiyyəti tərəfindən də qəbul edilir. Onlar artıq o adamdan bu meyarlara uyğun olmasını tələb edirlər və tələb etməlidirlər. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha güclü olmalıdır. Bunu, sadəcə, söz naminə demirəm. Bəlkə də bir çox hallarda bunu təkrarlayıram. Nəyə görə? Çünki bu yoxdur bizdə. Bilirsiniz, ya yoxdur, ya da ki, ibtidai vəziyyətdədir. Belə olmaz, ictimai nəzarət olmalıdır. Əgər ictimai nəzarət olmasa, biz məlumatı haradan əldə edəcəyik? Mən, misal üçün bildirmişəm və bir daha demək istəyirəm ki, bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək. Ona görə ya mən bölgələrə gedəndə çalışıram vətəndaşlardan vəziyyətlə bağlı öyrənim, onları narahat edən problemlər haqqında eşidim. Ya özüm gedirəm təftiş edirəm orada işləri, ya da ki, ictimaiyyətdən verilməlidir bu məlumat. Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var – hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür. Ona görə mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. O cümlədən vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil. Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə, ondan pul tələb edirlər. İndi son vaxtların tədbirləri bunu göstərdi. Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar. Bu, əslində, dövlətə, dövlət siyasətinə edilən xəyanətdir. Eyni zamanda, belə dəhşətli faktlar aşkarlanır ki, adam vallah heç bilmir nə fikirləşsin. İndi mənim təşəbbüsümlə xüsusilə manatın məzənnəsi aşağı düşəndən sonra bizdə işsizlik meyilləri artdı. Bunu mən hiss edirdim, görürdüm. Bəzi adamlar işsiz qaldılar. Nə üçün? Çünki vaxtilə dövlət xətti ilə icra edilən layihələrə onlar cəlb olunurdu. İnvestisiyalar kəskin aşağı düşdü. Biz investisiyaları ixtisar etdik. O layihələr də artıq icra edilmədi, insanlar qaldı küçələrdə. Biz nə etdik? Düzdür, bu, bazar iqtisadiyyatına uyğun deyil. Ancaq bu, düzgün addım idi. Mənim təşəbbüsümlə biz hər rayonda ictimai ödənişli iş yerləri yaratdıq, vətəndaşlara, heç olmasa, minimum əməkhaqqı səviyyəsində məvacib verilsin deyə. Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işlərilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox sən dövlət vəzifəsinə gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan. Bunu anlamayanlar, hesab edirəm, anlamalıdırlar ki, yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə başqa cür ola da bilməz. Biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq. Eyni zamanda, həm mətbuatdan, həm ictimaiyyətdən mən həm dəstək görürəm, həm də ki, onlar mənə bu işdə kömək edirlər.

– Cənab Prezident, mənim sualım müxalifətlə bağlıdır. Hazırda Azərbaycanda müxalifət çox dərin böhran içindədir. Demək olar ki, onların cəmiyyətdə heç bir dayağı yoxdur. Bütün bunların səbəblərini Siz necə səciyyələndirərdiniz?

– Bilirsiniz, bunun bir neçə səbəbi var. Hesab edirəm, birinci səbəb odur ki, bu gün müxalifətçiliyi inhisara götürmüş adamlar vaxtilə hakimiyyətdə olublar. Onların bəd əməlləri xalqımızın yaddaşından silinməyib. Biz hamımız AXC-Müsavat cütlüyünün hakimiyyətini yaxşı xatırlayırıq, o, bizim üçün bir biabırçılıq dövrü idi. Hesab edirəm ki, milli rəzalət dövrü idi. Çünki hakimiyyətə gəlmiş savadsız, səriştəsiz adamlar öz məsuliyyətini dərk etmədilər. Onlar, dediyim kimi, deqradasiyaya uğramış məmurlar kimi hakimiyyəti ancaq gəlir mənbəyi olaraq görürdülər. Onların əsas məqsədi varlanmaq, talamaq, oğurlamaq, satmaq idi, bir-biri ilə elə bil ki, yarışa girmişdilər – kim daha çox oğurlayacaq, kim daha çox ziyan vuracaq ölkəyə. Ölkə problemləri qaldı kənarda, Qarabağ problemi qaldı kənarda, sosial problemlər, hansı ki, Azərbaycan vətəndaşları böyük sosial problemlərlə üzləşmişdilər. İnflyasiya 1000 faizdən çox idi. Onların heç vecinə də deyildi. Onların işi ancaq dövlət əmlakını mənimsəmək idi, mən bunu dəfələrlə demişəm, bunun sübutları da var. Ləl-Cavahirat Fondunu elə taladılar ki, orada bir dənə də qiymətli əşya qalmadı. Vətəndaşlar axırıncı zinət əşyalarını gətirib verirdilər ki, bu, ümumi işimizə sərf olunsun, onu da taladılar. Ona görə xalqın yaddaşında bu qalıb. Eyni zamanda, vətəndaş müharibəsi – bu, ən ağır müharibədir, çünki qardaş qanı tökülür. Orada ermənilər torpağımızı işğal edirdilər, bunlar isə Gəncəni bombalayırdılar, öz xalqına qarşı cinayətlər törədirdilər, sonra da fərari kimi qaçıb gizləndilər. Həmin bu adamlardır ki, bu gün müxalifətçiliyi də inhisara götürüblər. Əslində, bunların nə mənəvi haqqı çatır, nə təcrübəsi, nə biliyi. Sadəcə olaraq, onların bu inhisarı saxlamaq üçün bir amili var, o da xarici dəstək. Çünki bunlar xaricdən idarə olunur. Bu, hesab edirəm ki, ikinci səbəbdir – nə üçün bunların cəmiyyətdə heç bir hörməti yoxdur?

Heç kəs üçün sirr deyil ki, bunlar xaricdən maliyyələşir. İyirmi il ərzində heç bir yerdə işləməyənin haradandır bu qədər varidatı, haradandır bu qədər imkanları ki, yaxın qohumları getsinlər ən inkişaf etmiş ölkələrdə çox gözəl həyat sürsünlər? Ona bir hesabat verirlər, yoxsa yox? Əlbəttə ki, yox. Amma biz bilirik, biz çox şeyi bilirik. Bəlkə də hamısını hələ ki, deməyə ehtiyac yoxdur. Ona görə bir tərəfdən onların törətdikləri cinayətlər və ölkəmizin demək olar ki, uçurum kənarına gətirilməsi, ondan sonra da qorxaqcasına, fərari kimi qaçıb gizlənməsi, ikinci tərəfdən, “beşinci kolon” kimi burada ölkəmizin maraqlarına qarşı onların fəaliyyəti. Bu iki amil hesab edirəm ki, onları bütün daxili dayaqlardan məhrum edib. Bir də ki, onların həm siyasi, həm həyatdakı davranışını, yəni, o biabırçı kadrları Azərbaycan tamaşaçıları görübdür. İsterikaya, panikaya qapılmış adam necə özünü lider hesab edə bilər? Yaşlı qadının qolundan yapışan, qorxusundan, məni bağışlayın, gizlənmək üçün deşik axtaran adam necə liderlik funksiyasını öz üzərinə götürə bilər? Sonra da gəlsin bütün ictimaiyyət qarşısında desin ki, vanna otağında mənə qarşı zor tətbiq etdilər. Birincisi, bu, yalandır. İkincisi, hansı özünə hörmət edən adam belə bir ifadə işlədər, bütün xalq qarşısında? Ona görə bunların qətiyyən mənəvi haqqı yoxdur ki, hansısa irad irəli sürsün. Yeganə dayaqları xarici dairələrdir. O dairələr ki, onlar da istəyirlər öz əlaltılarını hakimiyyətə gətirsinlər. Necə ki, vaxtilə 1992-ci ildə prezidentin kabinetinin qapısını bəzi səfirlər ayaqla açırdılar, o dövrü yenə də yaşamaq istəyirlər, ancaq alınmayacaq. Çünki heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın, yenə də hansısa mövqe əldə etsinlər. Azərbaycan xalqı buna imkan verməyəcək. Ona görə bunların dırnaqarası aksiyalarına heç kim gəlmir, heç kim qoşulmur. Bunların dırnaqarası siyasi mübarizəsi virtual həyatdadır. Orada da artıq bütün dayaqlarını itiriblər. Bir-birinə saxta layk atmaqla bunlar hakimiyyətə gəlmək istəyirlər və onların biabırçı hərəkətləri, antimilli, xəyanətkar addımları cəmiyyətdə ikrah hissi doğurur. Əgər müxalifət nəyisə əldə etmək istəyirsə, ilk növbədə, o partiyalar naftalin qoxusu gələn ünsürlərdən təmizlənməlidir, sağlam, müasir müxalifət formalaşmalıdır. O müxalifət ki, bizi tənqid edəcək, amma əsaslı tənqid edəcək. O müxalifət ki, ümumxalq məsələlərini hər şeydən üstün tutur. Mən ümid edirəm ki, nə vaxtsa, biz bunu görəcəyik.

– Cənab Prezident, məlumdur ki, ölkəmiz növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bilmək istərdik ki, bu mühüm ictimai-siyasi tədbirin həyata keçirilməsi qərarı nə ilə bağlıdır və gözləntilər nədən ibarətdir?

– Bilirsiniz, parlament seçkiləri çox önəmli hadisədir və önəmli prosesdir. Mən artıq qeyd etdiyim kimi, ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir. Belə olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin. Digər tərəfdən, onu da bildirməliyəm ki, bizdə parlament dörd ay tətildə olur, iyun, iyul, avqust, sentyabr aylarında işləmir. Belə olan halda biz, sadəcə olaraq, seçkiləri 4-5 ay qabağa çəkdik. Bunun da məqsədi odur ki, vaxt itirmək lazım deyil. Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri cəmiyyət tərəfindən, o cümlədən siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilir. Hazırda bütün şərait yaradılıb. Əminəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək. Azərbaycan xalqı öz iradəsini göstərəcək və nəticələr Azərbaycan xalqının iradəsini əks etdirəcək. Azərbaycan xalqı layiqli nümayəndələri seçəcək. O nümayəndələr ki, öz qanunvericilik fəaliyyətlərində ümumi işimizə töhfə verəcək. O nümayəndələr ki, onlar öz dairələrində fəal iş aparsınlar.

Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir. Əlbəttə, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi öz namizədlərini müdafiə edəcək. Bu da təbiidir. Bizdə sistem majoritar sistemdir, hesab edirəm ki, çox ədalətli sistemdir. Bu sistem seçilmiş millət vəkilini öz dairəsinə bağlayır. Mən bunu öz təcrübəmdən deyirəm. Çünki mən birinci dəfə 1995-ci ildə majoritar sistem əsasında parlamentin üzvü seçilmişdim. O vaxt mənim dairəm var idi və dairədə çox fəal idim. 2000-ci ildə isə mən artıq Yeni Azərbaycan Partiyasının bir nömrəli namizədi kimi qeydə alındım və seçiləndən sonra elə bil ki, mənim dairəm yox idi və bu, imkan vermirdi ki, mən hansısa bir dairəyə xüsusi diqqət göstərim. Ona görə öz təcrübəmdən deyirəm ki, majoritar sistem seçicilər üçün ən uyğun sistemdir. O halda ki, seçilən deputat fəal olsun və vətəndaşlarla sıx təmasda olsun. Azərbaycan xalqı hər şeyi yaxşı bilir, atalar sözüdür, xalqın gözü tərəzidir. Azərbaycan xalqı layiqli nümayəndələri seçərək, eyni zamanda, təmin edəcək ki, bu nümayəndələr onların problemlərini dilə gətirəcəklər, təklif verəcəklər. Belə olan halda əlbəttə ki, məsələlər və problemlər daha məqbul formada öz həllini tapa bilər.

– Cənab Prezident, müsahibəyə görə minnətdaram. Bugünkü müsahibə və Sizinlə görüş bizim həyatımızda ən önəmli hadisələrdən birinə çevrildi. Buna görə bir daha Sizə təşəkkür edirik. İcazə versəydiniz, hər birimizin adından Sizi qarşıdan gələn doğum gününüz münasibətilə təbrik edək. Sizə müstəqil Azərbaycanımızın inkişafı yolunda atdığınız hər bir addımda yeni-yeni uğurlar və cansağlığı arzulayırıq.

– Çox sağ olun. Mən də sizə öz səmimi sözlərimi demək istəyirəm. Sizə uğurlar arzulayıram. Mən sizin fəaliyyətinizi izləyirəm, televiziyalarda görürəm. Siz ümumi işimizə çox böyük töhfə verirsiniz. Müasir, gənc insanlar kimi, hesab edirəm ki, bugünkü Azərbaycan mediasını təcəssüm etdirirsiniz və təcəssüm etdirməlisiniz. Fürsətdən istifadə edərək sizə və bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu münasibətlə və Yeni il münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Əminəm ki, ölkəmiz bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz. Sağ olun.

Jurnalistlər: Təşəkkür edirik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey