Gürcüstanda Şuşanın işğalının ildönümünə həsr olunmuş “İtirilmiş cənnət” adlı tədbir keçirilib

Gürcüstanın Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Şuşa şəhərinin işğalının 27-ci ildönümünə həsr olunmuş “İtirilmiş cənnət” adlı tədbir keçirilib.

Tədbirdə GAİM-in müəllim və tələbə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Marneulinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

GAİM-nin icraçı direktoru Aygül İsayeva bildirib ki, anım tədbirinin keçirilməsində məqsəd Azərbaycanın ayrılmaz hissəsi olan Şuşanın tarixi, işğal nəticəsində dağıdılmış mədəni irsi, şəhərin erməniləşdirilməsi barədə faktları bir daha ictimaiyyətin diqqətinə çatdırmaqdır.

A.İsayeva bildirib ki, Gürcüstanın Azərbaycan dilli məktəblərində Azərbaycan tarixi tədris olunmur və buna görə də azərbaycanlı gənclər Azərbaycan tarixi barədə az məlumatlıdırlar: “İnteqrasiya Mərkəzində Gürcüstan və dünya tarixi ilə yanaşı, Azərbaycan tarixi də tədris olunur. Bu dərslər azərbaycanlı gənclərin Azərbaycan tarixi ilə tanış olmasına kömək edir”.

Səfir D.Həsənov Azərbaycan Xarici İşlər Nazirliyinin Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı yaydığı bəyanatını oxuyub.

Sonra çıxış edən GAİM-in tarix müəllimi Nərgiz Nəbiyeva Şuşanın Ermənistan silahlı bölmələri tərəfindən işğal oluması, azərbaycanlılara qarşı törədilən soyqırımı barədə danışıb.

O, yaxın gələcəkdə Gürcüstanda Şuşanın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı tədbirlərin keçirilməsini arzu etdiyini qeyd edib.

Anım tədbiri GAİM-in müəllimlərinin çıxışları ilə davam etdirilib. Onlar Şuşanın Azərbaycanın incisi, Qafqazın Konservatoriyası olduğunu xatırladaraq Azərbaycanın əzəli torpaqlarının azad olunacağına inandıqlarını bildiriblər.

Tədbir çərçivəsində Şuşa şəhərinin tarixi, dağıdılmış mədəni və dini abidələrinin əks olunduğu sənədli film və fotoslayd nümayiş etdirilib, GAİM-in şagirdləri Şuşaya həsr olunmuş şeirlər deyiblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey