Mixeil Saakaşvili İrakli Qaribaşvilinin həbsi ilə bağlı açıqlama verib
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sabiq baş nazir İrakli Qaribaşvilinin 5 il müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib.
Dalgatv. xəbər verir ki, Saakaşvili bu qərarı Gürcüstanda mövcud siyasi proseslərin növbəti ədalətsiz təzahürü kimi qiymətləndirib. Onun sözlərinə görə, Qaribaşvilinin həbsinə sevinən şəxslər məsələnin mahiyyətini düzgün dərk etmirlər.
“Qaribaşvilinin bu şəkildə həbs olunmasına sevinənlər baş verənlərin əsl səbəbini anlamırlar. Əslində, biz Bidzina İvanişvilinin növbəti ədalətsiz qərarı ilə üz-üzəyik”, – deyə Saakaşvili qeyd edib.
O, həmçinin bildirib ki, İrakli Qaribaşvili yaxın zamanda azadlığa buraxıla bilər. Saakaşvili özünə qarşı irəli sürülmüş ittihamlarla Qaribaşviliyə tətbiq olunan cəzanı müqayisə edib.
“Mənə ‘pencəklər işi’ üzrə 8 milyon 400 min lari, yəni təxminən 3 milyon dollar məbləğində vəsaiti israf etmək ittihamı irəli sürülmüşdü. Söhbət rəsmi səfərlər zamanı edilmiş xərclərdən gedirdi. Bu iş əsasında mənə 9 il həbs cəzası verildi. Qaribaşvilinin evindən isə şəxsi mənimsəmə yolu ilə əldə edildiyi iddia edilən 6 milyon dollar tapılıb və ona cəmi 5 il cəza verilib. Buna baxmayaraq, onun da tezliklə azadlığa buraxılacağına inanıram”, – deyə Saakaşvili vurğulayıb.
Qeyd edək ki, Gürcüstan Prokurorluğu sabiq baş nazir İrakli Qaribaşvili ilə prosessual razılaşma imzalayıb. Razılaşmaya əsasən, ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bundan əlavə, Qaribaşviliyə 1 milyon lari məbləğində cərimə də tətbiq olunub.
