Avropa İttifaqı Gürcüstandakı “Xarici agent” qanununu demokratiya üçün geriləmə adlandırıb

Avropa İttifaqı Gürcüstanda qəbul edilmiş “Xarici Agentliklərin Qeydiyyatı Aktı”nı ölkə demokratiyası üçün ciddi geriləmə kimi qiymətləndirib. Aİ-nin ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının komissarı Marta Kosun birgə bəyanatında bildirilib ki, bu qanun, son vaxtlar qəbul edilmiş yayım və qrantlarla bağlı digər qanunlarla yanaşı, vətəndaş cəmiyyəti, müstəqil media və ictimai fəallar üçün fəaliyyət imkanlarını məhdudlaşdırır.

Bəyanatda vurğulanıb ki, bu kimi repressiv addımlar Gürcüstanın demokratik institutlarının mövcudluğunu və ölkə vətəndaşlarının azad, açıq cəmiyyətə doğru irəliləyişini ciddi şəkildə təhlükə altına alır.

Aİ rəhbərliyi qeyd edib ki, 2024-cü ilin iyun və oktyabr aylarında Avropa Şurasının verdiyi qiymətləndirmələr bu qanunvericilik kursunun Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinə ciddi zərbə vurduğunu ortaya qoyub. Bildirilib ki, hazırda Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb.

Avropa İttifaqı Gürcüstan hakimiyyətini vətəndaşların demokratiya və Avropa gələcəyi ilə bağlı səsləndirdiyi haqlı tələblərə cavab verməyə, əsassız şəkildə saxlanılan jurnalistləri, ictimai fəalları, siyasi opponentləri və etirazçılar azad etməyə çağırıb. Bəyanatda həmçinin qeyd olunub ki, əgər Gürcüstan hakimiyyəti demokratik geriləməni aradan qaldırmaq üçün real və etibarlı addımlar atarsa, Aİ bu ölkənin üzvlük yoluna qayıtmasını nəzərdən keçirməyə hazır olacaq.

Sözügedən qanun bu gün etibarilə qüvvəyə minib. Gürcüstan hakimiyyəti qanunun ABŞ-də qüvvədə olan FARA qanununun analoqu olduğunu bildirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey