Azərbaycan Bayrağı və Xarıbülbül Tbilisi səmasında

Paytaxt Tbilisidə Azərbaycanın Zəfər Gününə həsr olunan bir sıra tədbirlər keçirilib.

Günorta saatlarında Tbilisinin mərkəzi hissəsində yerləşən “Sülh körpü”sündən Azərbaycanın üç rəngli bayraqları ilə bəzədilmiş gəzinti katerləri Kür çayı boyunca hərəkət ediblər.

Axşam saatlarında isə “Sülh körpü”sünə yaxın Rike parkda “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzi olan Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.

Katerlər Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının yerləşdiyi əraziyə çatan zaman, havaya Azərbaycan bayrağının rəngində 600 ədəd hava balonları buraxılıb.

Orijinal fləş-mob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.

Fləş-mob Azərbaycanın Gürcüstandakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin rəhbərliyi, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin üzvləri, noyabrın 8-də Zəfər Günü münasibətilə ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsini də ziyarət edib abidənin önünə gül dəstələri və əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey