Dünya, səndən kimlər köçdü

Dünya, səndən kimlər köçdü
BİR ATA İTİRDİM- ELLƏR ATASI!..
Bir ata itirdim – gül tək həyalı,
Məni fikirləşib duyanım getdi.
Bir ata itirdim el tək arxalı,
Mənim o dayağım, həyanım getdi.
Bir ata itirdim…İnsanlıq həyatının qızıl qaydaları-vicdan, namus, ədalət,mərhəmət sahibi, incə duyğulu, açıq ürəkli, xoş xassəli, hörməturvatli, el ağsaqqalı, gözəl bir ata, Şəmməd Əhməd oğlunu-Şəmməmi itirdim.
Bu günə qədər sanki arxamda bir sarsılmaz mətin, uca, ulu bir dağ dururdu. Həmişə düzgün istiqamət verər, doğru yol göstərərdi. Sözünə-söhbətinə, nəsihətinə ehtiyac duyardım.
Mənə müstəqil olmağı, qaranı ağdan, yaxşını yamandan seçməyi öyrədərdi. Həyatın qiymətinin daim və müvəqqəti fərqini göstərər və başa salardı. Bütün əməllərimin başlanğıcında arxa durar, yardım edər, dəyərli məsləhətlərini verərdi. Ayağıma dəyən daşı ürəyinə dəymiş sanardı. Hər an məni qorumağa, həyatımı əlvan boyalarla boyamağa, təhsilimin mükəmməl olmasına çalışardı. Uğursuzluğuma acıya, nailiyyətlərimə sevinərdi. Məni əhatə edən insanlar və ətraf mühit haqqında bilik səhərdlərimi genişləndirməyə çalışardı.
“Dostsuz insan qanadsız quş kimidir. Ona sadiq, vəfalı ol…Dost dosta tən gərək , tən olmasa gen gərək” -deyərdi.
Kiminlə dostluq-yoldaşlıq etdiyimi maraqlanardı.
” Bu həyat uzun bir yoldur bu yolu yalqız getmək heç cür mümkün deyil”-deyərdi atam.
Bir də:”Yer üzünün ən gözəl neməti, ülvi və müqəddəs hisslərin toplusu, insanlara sevinc dolu həyat bəxş edən saf və mənəvi bir sərvət, onları bir birinə yaxınlaşdıran qırılmaz zəncir, mənəvi körpüdür dostluq. Dostun sadiq, dürüst, ədalətli, hörmətli, ən başlıcası isə etibarlı olmalıdır. Eyni təfəkkürlü, eyni əqidəli olmalı, aranızda heç bir sirr, gizli söz-söhbət olmamalıdır.
Axi dostluq çox zəngin bir vergi, dəyərli nemətdir. Etibarlı dostla axır çörəyini belə bölüşməlisən”-deyərdi.
Bu baxımdan ən yaxın dostum, özümə böyük qardaş hesab etdiyim, çox alicənab bir insanı – İslam müəllimi özünə oğul hesab edər, bizim saf müqəddəs, ülvi dostluğumuzla fəxr edərdi. Məhz İslamın qəflətən ölüm xəbəri şuh qamətli Şəmməmizin dizini yerə gətirir, elə həmin an onun o döyünən böyük ürəyi dayandı. Bu da atanın oğluna olan münasibətinin ən uca və son təzahürü, mən deyərdim ki, şəhidlik zirvəsi oldu.
Elinə-obasına izzətlə yanaşan, qohum-əqrabaya hörmət edən, oğul-uşağını sevən, ağır elin ağır ağsaqqalı olan atam bu günlərdə oğul-uşağının, qohum-əqrabanın, el-obanın çiynində haqq dünyasına yola salındı.
Yaxşı atanın verdiyi tərbiyəni, öyüd-nəsihəti, təlim-tərbiyəni heç bir məktəb verə bilməz. Böyüklərə itaət, Allaha itaət olduğunu, ata olan evdə urvat, ana olan evdə mürvət, hər ikisi olan yerdə isə sülh, əmin-amanlıq, ruzi-bərəkət olduğunu indən belə daha da hiss edəcəm, onlarsız həyatın necə çətin olduğunu anlayacam.Allah rəhmət eləsin! Məkanı cənnət olsun atamın.
Şahismayıl ŞƏMMƏDOĞLU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey