Gürcüstan tərəfi humanitar yardım adı altında hərbi yüklərin daşınması ilə bağlı yayılan məlumatlara açıqlama verdi

Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistana hərbi daşınmaların Gürcüstan üzərindən mülki uçuşlarla həyata keçirildiyi barədə yayılan məlumatları qəti şəkildə rədd edir.

Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

Onun sözlərinə görə, Gürcüstanın hava məkanı vasitəsilə yalnız humanitar və mülki yüklər daşınır, bu da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam cavab verir.

L.Darsalia deyib ki, Dağlıq Qarabağ bölgəsində eskalasiya baş verən kimi Gürcüstan üzərindən quru və hava yolla həm Azərbaycan, həm də Ermənistana hərbi yüklərin tranziti dayandırılıb:

“Bildiyiniz kimi, Qarabağda eskalasiya başlayan kimi Gürcüstan tərəfindən hərbi yüklərin tranziti həm Azərbaycan, həm də Ermənistan istiqamətində quru və hava yolu ilə dayandırıldı. Bir daha bildirmək istərdik ki, hərbi tranzit Gürcüstan ərazisindən keçirilmir. Gürcüstanın əlində olan sənədlərə görə, Gürcüstanın hava məkanında həyata keçirilən uçuşlar yalnız humanitar və mülki xarakter daşıyır və ICAO standartlarına tam uyğundur. Gürcüstan, humanitar və mülki, o cümlədən ticarət yükləri baxımından öhdəliklərini yerinə yetirməyə davam edir. Bu Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydaları da daxil olmaqla beynəlxalq hüquq normalarına tam uyğun olaraq həyata keçirilir”.

XİN rəsmisi qeyd edib ki, KİV-də Gürcüstan vasitəsilə mülki aviareyslərlə yük daşımalarının həyata keçirilməsinə dair informasiyalarla bağlı manipulyasiyalar güclənib:

“Konkret yük daşıyıcısı və yük sahibi beynəlxalq hüququn normalarına tam riayət etməli və humanitar dəhlizlərdən sui-istifadə etməməlidir. Hər hansı bir pozuntu və əsaslı sübutlar olarsa, Gürcüstan müvafiq qaydada cavab verəcək. Qanun pozucuları beynəlxalq hüquq, həmçinin ICAO qarşısında məsuliyyətə cəlb olunacaqlar”, – deyə Darsaliya bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey