Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni qarşıladı.

Prezident İlham Əliyev və Baş nazir Mamuka Baxtadze rəsmi foto çəkdirdilər.

Azərbaycanın Prezidenti və Gürcüstanın Baş naziri görüşdə çıxış etdilər.

Gürcüstanın Baş nazirini Azərbaycanda səmimiyyətlə salamlayan Prezident İlham ƏLİYEV Mamuka Baxtadzeni Baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, bu məsuliyyətli vəzifədə ona yeni uğurlar arzuladı. Dövlətimizin başçısı vurğuladı ki, Gürcüstan hökumətinin başçısı təyin olunmasından qısa müddət sonra Mamuka Baxtadzenin Azərbaycana səfər etməsi Azərbaycan-Gürcüstan əlaqələrinin çox yüksək səviyyədə olduğunu bir daha göstərir.

Prezident İlham Əliyev dedi: Əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub. Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib. Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Biz bu gün bir çox məsələləri müzakirə edəcəyik, o cümlədən regional əməkdaşlıq məsələlərini. Sizi bir daha ürəkdən salamlayıram, Sizə xoş və uğurlu səfər arzulayıram.