Gürcüstanda azərbaycanlı şagirdlər gürcü müəllimin müdafiəsinə qalxıb

Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların yaşadığı Yormuğanlı kənd məktəbinin şagirdləri etiraz aksiyası keçirib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, etiraza səbəb məktəbin gürcü dili və ədəbiyyatı müəlliməsi Tea Qurgenidzenin işdən azad edilməsi olub. Aksiyaya qatılan 4-cü və 12-ci sinif şagirdləri bu gün dərslərdə iştirak etməyiblər.
 

Müəllimənin işdən çıxarılmasına onun şagirdlərlə kobud rəftarının səbəb olduğu bildirilir. Etiraz edən şagirdlər və onların valideynləri isə bu ittihamı əsassız adlandırıblar. Aksiya iştirakçıları gürcü müəllimənin işə bərpa olunmasını tələb ediblər. 
 

Valideynlər deyiblər ki, T. Qurgenidze işə bərpa olunmasa, müəllimə çadırda şagirdlərə dərs deməyə davam edəcək. Saqareco rayonunun Resurs Mərkəzindən isə bildirilib ki, T. Qurgenidze məktəblilərə qarşı zor tətbiq edib və bu, sübuta yetirilib.