Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altSentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısına parkda görülən işlərlə bağlı məlumat verildi. Qeyd olundu ki, bu ilin avqustunda parkda başlanmış tikinti işləri hazırda davam etdirilir. Parkın ümumi ərazisi yarım hektardır. Burada istirahət köşkləri tikilmiş, geniş yaşıllıq sahəsi yaradılmış, müasir fəvvarə tikilmişdir.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: "Yenidən Yardımlıda olmağımdan çox şadam. Bu, Yardımlıya mənim prezident kimi artıq üçüncü səfərimdir. Buraya gələrkən birinci səfərimi xatırlayırdım. O vaxt - 2005-ci ildə biz Masallı-Yardımlı yolunun yenidən qurulmasını qeyd edirdik. O vaxt bu, böyük layihə idi. Çünki yol o qədər də yaxşı vəziyyətdə deyildi. Yeni yol çəkildi. Ondan sonra 2006-cı ildə Yardımlıya təbii qazın verilməsini qeyd etmişik. O da tarixi bir gün idi. Çünki heç sovet dövründə də buraya təbii qaz verilməmişdi. O vaxt xətlər çəkildi. Bu gün məndə olan məlumata görə, Yardımlı şəhərinin böyük hissəsi qazlaşdırılıbdır. Bir neçə kənddə də qaz xətləri çəkilibdir. Gələcəkdə əlbəttə ki, tam şəkildə qazlaşdırma aparılacaqdır. Bu gün isə biz növbəti vacib layihənin icrasını - Yardımlıya içməli suyun verilməsini qeyd edirik. Yəni, baxın bu tarix özlüyündə bir göstəricidir. Yol, qaz və içməli su həyatdır. Təmiz içməli su isə sağlam həyat deməkdir. İndi verilən məlumata görə, bütün xətlər artıq bu ilin sonuna qədər qurulacaqdır. Gələn ildən başlayaraq Yardımlı şəhərinin içməli su problemi tam şəkildə öz həllini tapacaqdır. Bununla bərabər, yerli icra orqanları kənd yerlərində su xətlərinin çəkilişi ilə məşğuldurlar. Bu da çox gözəl bir təşəbbüsdür. Mən bunu dəstəkləyirəm, alqışlayıram. Elə etməliyik ki, əsas infrastruktur layihələri icra edilsin. Eyni zamanda, bu gün biz kənd yolunun açılışını qeyd edəcəyik. Yeni elektrik xətlərinin çəkilişi də başlamışdır. Çünki Yardımlıda bərk külək əsəndə köhnə dirəklər yıxılır, elektrik kəsilir. İndi yeni, möhkəm dayaqlar tikilir ki, artıq bu problem də olmayacaqdır".