Gürcüstanın hakim partiyası prezident seçkilərində namizəd irəli sürməyəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" Partiyasının oktyabrın 28-də keçiriləcək prezident seçkilərinin ilk turunda qələbə qazana biləcək namizədləri çoxdur. Amma buna baxmayaraq, biz bu seçkilərdə heç bir namizəd irəli sürməyəcəyik".

"Reort"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib. 

Onun sözlərinə görə, Gürcüstanda demokratiya inkişaf edir: "Biz də hakim partiya olaraq müstəqil prezident institutunun formalaşması, yeni seçiləcək ölkə başçısının tam müstəqil olması üçün bu addımı atırıq. Bununla belə, məqsəd və məramı, seçki platforması hakim partiyanın siyasi kursu ilə üst-üstə düşən müstəqil namizədi dəstəkləyə bilərik. Həmin şəxsin adı isə prezident seçkilərində iştirak edəcək siyasi partiyaların namizədlərinin qeydiyyatı tam başa çatdıqdan sonra açıqlanacaq".

Qeyd edək ki, İ.Kobaxidze bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında hakim partiyanın prezident seçkilərində xanım deputat Salome Zurabişvilinin namizədliyini dəstəkləyəcəyini bildirmişdi.