Tbilisidə Azərbaycan-Gürcüstan əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Tbilisidə Şota Rustaveli adına Milli teatrda Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, təbdirdə Gürcüstanın hökumət nümayəndələri, siyasətçilər, diplomatik korpusun nümayəndələri, tanınmış gürcü və azərbaycanlı ictimai xadimlər, ziyalılar və digər şəxslər iştirak edib.

Mərasimdə çıxış edən Azərbaycan səfiri Dursun Həsənov iki ölkə arasında münasibətlərin inkişaf tarixindən danışıb: "Münasibətlər bütün sahələrdə dinamik inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Həyata keçirilmiş böyük iqtisadi layihələr uğurlu əməkdaşlığın bariz nümunəsidir."

Səfir hər iki dövlətin ərazi bütövlüyü məsələsinə də toxunub: "Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq arenada qarşılıqlı dəstək nümayiş etdirir".

Sonra çıxış edən Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Azərbaycanla münasibətlərə böyük önəm verildiyini deyib: "Azərbaycan prezidenti İlham Əliyevin şəxsi dəstəyi ilə Gürcüstanla münasibətlər inkişaf etdirilir. Ümid edirik ki, gələcəkdə də ölkələr arasında münasibətlər uğurla davam etdiriləcək".

İki ölkə arasında ticari-iqtisadi münasibətlərə toxunan nazir onların gələcəkdə daha da genişləndiriləcəyinə inam ifadə edib.

Tədbir konsert proqramı ilə davam etdirilib. Gəncə Dövlət Filarmoniyasının kamera orkestrinin iştirakı ilə keçirilən konsertdə filarmoniyanın direktoru xalq artisti Samir Cəfərov, Sevinc İbrahimova, əməkdar artistlər Kəmalə Tağızadə, Mahir Məmmədov, Mehparə Cəfərova və digərləri Azərbaycan və dünya klassik musiqi əsərlərini ifa ediblər.