Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili Dmanisidə azərbaycanlılarla görüşüb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Hakimiyyətdəki “Gürcü Arzusu” koalisiyasından Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunun Hamamlı kəndinin mərkəzində əhali ilə görüşüb. Görüş barədə açıqlama verən  Hamamlı kənd icra nümayəndəsi Mübariz Məmmədov tədbirin yüksək səviyyədə keçdiyini bildirib: “Georgi Marqvelaşvili azərbaycanlılar qarşısında çıxış edərək bizim problemlərimizi həll etməyə söz verdi. O qeyd etdi ki, əgər prezident seçilərsə, bizim ən böyük ağrılı yerimiz olan torpaq problemini həll edəcək”.

M. Məmmədov deyib ki, görüşdə Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko da çıxış edərək azərbaycanlıların kompakt yaşadığı bölgələrdə səhiyyənin inkişaf etdirilməsindən və pulsuz müalicədən danışıb.

Sonda G. Marqvelaşvili kənd sakini Nemət Gülməmmədovun evində, çay süfrəsi arxasında kənd sakinləri ilə səmimi söhbət edib.

Qeyd edək ki, Hamamlı kəndində 394 təsərrüfat var və 1500 nəfər qeydiyyatdadır. Hazırda kənddə 850 nəfər yaşayır.