Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib.

Gəncə İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Gürcüstanın Gəncədəki Baş Konsulluğunun keçirdiyi tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Gəncədəki baş Konsulu Mamuka Balavadze, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Türkiyənin Gəncədəki baş konsulu Orxan İşıq, rəsmi şəxslər və şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar.
 

Tədbir Azərbaycan və Gürcüstan dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze ölkəsinin müstəqilliyinin tarixindən danışıb. O bildirib ki, Gürcüstan dövlət müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir, azad və demokratik cəmiyyət qurur. Bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığının xüsusi roluna toxunan baş konsul xalqlarımızın qədim dostluq ənənələrinə malik olduğunu vurğulayıb: “Həyata keçirdiyimiz layihələr xalqlarımızın rifah halının daha da yaxşılaşmasına, müstəqilliyimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək”.

M. Balavadze 28 May - Respublika Günü münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
 

E. Vəliyev isə əlamətdar gün münasibətilə Gürcüstan xalqını təbrik edib. O bildirib ki, xalqlarımızın qədim dostluq münasibətləri mövcuddur: “Ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr daha da möhkəmlənib. Xüsusilə ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan-Gürcüstan əlaqələri yeni istiqamətdə inkişaf edib”.

E. Vəliyev bildirib ki, dövlət və hökumət başçılarının, nazirlər və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində münasibətlərimiz daha da möhkəmlənib və inkişaf edib. Gəncə və Kutaisi şəhərlərinin dostluq əlaqələrini planlaşdırılan bir sıra tədbirlərlə daha da möhkəmlənəcəyini bildirən E. Vəliyev Kutaisidə rəsmi səfərdə olduğu zaman göstərilən diqqətin iki xalq arasında olan dostluğun nümunəvi göstəricisi olduğunu bildirib.
 

Sonda qonaqlara Gürcüstanın milli mətbəximizin təamları təqdim edilib, Gürcüstan mədəniyyətini, mətbəxini, şəhərlərini, insanlarının həyat tərzini əks etdirilən videoçarx izlənilib.