Tbilisidə təhlükəsizlik və müdafiə mövzusunda beynəlxalq konfrans keçirilir
Tbilisidə "Cənubi Qafqazda və Gürcüstanda müdafiə və təhlükəsizlik" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransda Azərbaycan da daxil olmaqla dünyanın 15-ə yaxın ölkəsindən 350-dən çox nümayəndə iştirak edir.
İki gün davam edəcək tədbirdə Şərqi Avropada, xüsusən də Ukraynada, Cənubi Qafqazda, eləcə də Yaxın Şərq regionunda baş verən proseslər, İŞİD-ə qarşı mübarizə və terrorun yayılmasının qarşısının alınması yolları müzakirə olunur.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbiri açaraq regionda baş verən proseslər, ölkəsinin NATO-ya üzv olmaq istiqamətində gördüyü işlər, eləcə də regional əməkdaşlıq məsələləri barədə məlumat verib. O bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya etməklə yanaşı, qonşu ölkələrlə də normal münasibət qurmaqda maraqlıdır.
Baş nazir ölkələrin ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu xüsusi qeyd edib.
Sonra Gürcüstanın müdafiə naziri Tina Xidaşeli çıxış edərək Gürcüstan-NATO əlaqələri və bu istiqamətdə atılan addımlar barədə fikirlərini bölüşüb.
Konfransda müxtəlif mövzularda məruzələr dinlənilib, çıxışlar olub.
NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın da çıxış etdiyi konfrans işini oktyabrın 27-də panel iclaslarda davam etdirəcək. Azərbaycan nümayəndə heyətinin üzvünün iclaslarda terrorizmə qarşı mübarizə mövzusunda çıxışı nəzərdə tutulub.