Ketevan Tsixelaşvili: Azərbaycanlı qadınların Gürcüstanın ictimai-siyasi həyatındakı fəallığı qürurvericidir

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili noyabrın 17-də Marneuli şəhərində Marneuli, Bolnisi və Dmanisidə yaşayan, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən azərbaycanlı qadınlarla görüşüb.

Nazirliyin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov bildirib ki, görüşdə bələdiyyələrdə və ictimai həyatın müxtəlif sahələrində çalışan qadınlar dövlət nazirinə və onun müavininə bölgələrdə mövcud problemlər barədə ətraflı məlumat veriblər.

Ketevan Tsixelaşvili görüş iştirakçılarına vətəndaş cəmiyyətində fəal iştirak etdikləri üçün təşəkkür edib. Qaldırılan məsələlərin araşdırılacağını və onların həllinə çalışacaqlarını bildirib. Qeyd edib ki, azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında fəal rol oynayırlar. Müxtəlif sahələrdə çalışan azərbaycanlı qadınlar da bölgənin inkişafına kömək edirlər. Onların bu fəallığı qürurvericidir. “Bu, bir daha bizim tarixi Vətənimizin inkişafı naminə birliyimizi sübut edir”, - deyə K. Tsixelaşvili vurğulayıb.