Gürcüstan prezidenti parlamentdə hesabat verib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili parlamentdə illik hesabatla çıxış edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dövlət başçısı 20 dəqiqəlik çıxışında xarici siyasət, Rusiya ilə münasibətlər, iqtisadiyyat, media azadlığı və digər məsələlərə toxunub.

G. Marqvelaşvili deyib ki, 2018-ci ildə Rusiya "soyuq müharibə" imitasiyası yaratmağa cəhdlər edib: "Rusiyanın təxribatlarına uymaq olmaz və bunun üçün biz ayıq-sayıq olmalıyıq".

 

Prezident ölkədə biznesin azad olduğunu söyləyib. O, vergi sistemində həyata keçirilən islahatları, startap və innovasiyaların təşviqini alqışladığını qeyd edib.

Prezident çıxışında ölkənin təhsil sistemini tənqid edib. Dövlət başçısının sözlərinə görə, onun təhsil naziri olduğu dövrdən sonra təhsil sistemində heç bir şey həyata keçirilməyib.

Parlamentdə dövlət başçısının çıxışı debatlar formatında davam etdiriləcək.

Plenar iclasda baş nazir Giorgi Kvirikaşvili, hökumət üzləri və diplomatik korpusun nümayəndələri də iştirak edir.