Prezident İlham Əliyev Makedoniya prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Makedoniya Respublikasının prezidenti George İvanov ilə görüşüb.

APA-nın xəbərinə görə, Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin artdığını qeyd edən dövlət başçısı Makedoniya prezidenti Georgi İvanovun bu tədbirdə iştirakının önəmini vurğulayıb. G. İvanov VI Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçirildiyini qeyd edib. O bildirib ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, beynəlxalq aləmdə sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə böyük töhfə verir.

Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. G. İvanov prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.