Gürcüstan marixuana ixrac etmək niyyətindədir

Bir müddət əvvəl marixuananı leqallaşdıran Gürcüstan indi bu maddənin ixracına başlamaq niyyətindədir. 

Bununla bağlı Gürcüstanın "İnterpressnyus" agentliyi məlumat yayıb. 

Hökumət ölkədə ixrac üçün marixuana yetişdirməyi nəzərdə tutan qanun layihəsini hazırlayıb. İxrac edilən marixuanadan əczaçılıq və kosmetika ehtiyacları üçün istifadə ediləcək. 

Agentliyin məlumatına görə, dünən bu məsələni "Gürcü arzusu" partiyasının deputatları müzakirə ediblər. 

Ehtimal edilir ki, idxal üçün marixuananın yetişdirilməsi biznesin lisenziyalaşdırılmış növü olacaq. 

Agentlik bildirib ki, qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirə ediləcək. 

Gürcüstan konstitusiya məhkəməsi iyulda marixuananın qəbulu ilə bağlı qadağanı ləğv edib.