Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatının məzarı abadlaşdırılıb

Gürcüstanda müsəlman dünyasında ilk qadın deputat olmuş etnik azərbaycanlı Pərixanım Sofiyevanın məzarı abadlaşdırılaraq üstündə qəbirüstü abidə qoyulub.

APA-nın yerli bürosunun məlumatına görə, Qardabani rayonunun Qaracalar kəndində abidənin açılış mərasimi keçirilib. Qəbirüstü abidə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri aparatının dəstəyi ilə qoyulub. 

Mərasimdə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze, qubernator müavini Zaur Darğallı və digər rəsmi şəxslər iştirak edib.

 

Qeyd edək ki, P. Sofiyeva 1918-ci ildə bitərəf millət vəkili kimi Gürcüstan Demokratik Respublikasının parlamentinə seçilib. O, dünyada demokratik yolla deputat seçilmiş ilk müsəlman qadın hesab olunur. P. Sofiyeva 1951-ci ildə vəfat edib və onun məzarı bu günə qədər baxımsız vəziyyətdə olub.