Alimlər xərçəngdən qaçınmağın yolunu açıqladı
Düzgün qidalanma və sağlam həyat tərzi bədxassəli şişlərin qarşını almağa kömək edir.
Bu haqda Ümumdünya xərçəng tədqiqatları fondunun yeni hesabatında deyilir.
Alimlər piylənmənin 12 müxtəlif onkoloji xəstəliyin inkişafına təkan verdiyini ortaya çıxarıb. Araşdırmanın nəticələrinə görə, bədənin artıq çəkisi qaraciyər, yumurtalıq, mədə, prostat vəzi, ağız boşluğu, udlaq, bağırsaq, süd vəzisi, sidik kisəsi, böyrək, qida borusu, mədəaltı vəzi və analıqda xərçəngə yol aça bilir.
Hesabatda bədxassəli şişlərdən qaçınmağa kömək edəcək bir sıra tövsiyələr verilib. Tədqiqatçıların sözlərinə görə, bunun üçün insan yüksək fiziki fəallığı qorumalıdır, meyvə-tərəvəz, taxıl və paxla məhsullarından ibarət pəhriz saxlamalıdır.
Alimlər yağlı yeməklərin, o cümlədən, “fastfudun”, yarımfabrikatların, qırmızı ətin və şəkərin qəbulunu maksimum dərəcədə azaltmağı vacib sayır. Mütəxəssislər eyni zamanda spirtli içkilərdən və qida əlavələrindən uzaq durmağı tövsiyə edir.