Gürcüstanlı deputat: Bakı İslamiadanın tarixinə parlaq səhifə yazacaq

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq. Belə bir möhtəşəm açılış mərasimini təşkil etmək yalnız peşəkar komandanın işidir.

Bu fikirləri IV İslam Həmrəyliyi Oyunlarının açılışını izləmək üçün Gürcüstandan Azərbaycana gələn nümayəndələr söyləyiblər.

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycan irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimində bunun bir daha şahidi olduq. Birinci Avropa Oyunlarında olduğu kimi bu dəfə də dünya ictimaiyyəti möhtəşəm bir idman bayramının şahidi olur. Bakının idman arenalarında yarışlar yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib.

“Tam əminliklə deyə bilərəm ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazılacaq”, - deyə S.Mirzəyev vurğulayıb.

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Dövlət nazirinin müşaviri Zaur Darğallı isə bildirib ki, İslam Həmrəyliyi Oyunları özündə dostluğu və sülhü birləşdirir. Azərbaycan zəngin adət-ənənəyə, yüksək qonaqpərvərliyə malik olan ölkədir. Düşünürəm ki, bütün qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar.

“Göz oxşayan açılış mərasimi ilə Azərbaycan İslam Həmrəyliyi Oyunları tarixində silinməz iz qoydu”, - deyə, Z.Darğallı vurğulayıb.

Açılış mərasimi izləmək üçün Bakıya təşrif buyuran Gürcüstanın Maliyyə Nazirliyinin gəlir departamentinin məsul əməkdaşı Ayaz Məmmədov isə deyib: “Mən də dostlarımla birgə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatıldım. Bu, mənim üçün tarixi bir gün idi. Biz tədbirin açılışının yüksək səviyyədə keçirildiyinin şahidi olduq. Azərbaycan və onun qədim tarixi haqqında göstərilən videoçarx çox maraqlı idi. Bu çarxda biz Azərbaycanın möhtəşəm iqtisadi gücə və inkişafa malik olduğunun bir daha şahidi olduq. Mən Azərbaycan idmançılarının IV İslam Həmrəyliyi Oyunlarında qələbəsinə inanıram”.