Təbiət bir saata Bakı üzrə “aylıq plan”ı doldurdu

Sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçmiş, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxmış, arabir yağış yağmış,  bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Düşən yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir.

Oğuzda 31 mm (aylıq normanın 42 %-i), Qəbələdə 28 mm  (36%), Kişçayda (Şəki) 27 mm (41 %), Ordubadda 22 mm (175 %), Mingəçevirdə 15 mm  (60%) olub.